İSTANBULDA “AZƏRBAYCANDA SƏRMAYƏ MÜHİTİ” MÖVZUSUNDA BİZNES-FORUM KEÇİRİLMİŞDİR
Azərbaycan hökuməti rəsmilərindən, iş adamlarından ibarət 50 nəfərlik nümayəndə heyətinin və Türkiyənin biznes dairələrinin 100-dən çox təmsilçisinin iştirak etdiyi forumda çıxış edən İstanbul Ticarət Palatası idarə heyətinin üzvü Şaban Dişli, ATİB idarə heyətinin sədri Əhməd Erentok ölkələrimiz arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərindən ətraflı bəhs etdilər. Bildirdilər ki, ötən il Türkiyənin Azərbaycana 525 milyon dollarlıq məhsul ixrac və qardaş ölkədən 245 milyon dollarlıq mal idxal etməsi ilə kifayətlənmək olmaz, bu sahədə imkanlardan səmərəli istifadə edilməlidir.
Azərbaycanın İstanbuldakı baş konsulu İbrahim Yaqubov və Türkiyənin ölkəmizdəki səfiri Turan Moralı forumda çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını rəhbər tutan Türkiyə və Azərbaycan iş adamlarının ölkələrimizin iqtisadi inkişafı və tərəqqisi naminə əməkdaşlığının bundan sonra da davam edəcəyinə əminliklərini vurğuladılar. Onlar Qars-Tbilisi-Axalkalaki-Bakı dəmir yolu xəttinin iqtisadi əməkdaşlığı daha da gücləndirəcəyini bildirdilər. Türkiyənin ölkəmizdəki səfiri dedi: “Bu gün Azərbaycan dünyada iqtisadi və strateji baxımdan bir güc mərkəzinə çevrilməkdədir”.
İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığın İnkişafı Departamentinin rəhbəri Samir Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin iqtisadiyyatının müxtəlif sahələrinə daha çox xarici sərmayələrin cəlb olunması üçün əlverişli mühit yaradılması sahəsində apardığı məqsədyönlü siyasətdən, respublikamızın son illər iqtisadiyyatın müxtəlif sahələrində qazandığı uğurlardan ətraflı bəhs etdi.
Fasilədən sonra “Azərbaycan iqtisadiyyatı: Mövcud vəziyyət və perspektivlər” bölməsində işini davam etdirən forumda Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev, Vergilər Nazirliyinin şöbə müdiri Yunis Quliyev və digər natiqlər ölkəmizin iqtisadi inkişafı sahəsində əldə edilən uğurlardan, əlverişli sərmayə mühitindən danışdılar.
Forumun sonunda ölkələrimizin iş adamlarının təkbətək görüşləri oldu.