İstanbulda BMT Forumunun onuncu sessiyası keçirilir
Bakı, 9 aprel (AZƏRTAC). İstanbulda BMT-nin Meşə Forumunun onuncu sessiyası keçirilir. Tədbir iştirakçıları meşə resurslarının qorunması və Yer kürəsinin təxminən üçdə birini örtən, əvəzsiz sosial, iqtisadi və ekoloji faydaya malik meşə yerlərinin səmərəli idarə edilməsi yollarını müzakirə edirlər.
AZƏRTAC xəbər verir ki, meşələr Yerin quru səthinin təxminən 31 faizini örtür və 4 milyard hektara qədər sahəni tutur. Meşələr yoxsulluqla mübarizədə etibarlı vasitədir. Yerli xalqlar da daxil olmaqla, təxminən 1,6 milyard insanın dolanışığı meşələrlə bağlıdır. Dünya miqyasında 3 milyarddan çox insan və ya dünya əhalisinin təxminən 43 faizi meşə oduncaqlarından yanacaq kimi istifadə edir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına əsasən, meşə təsərrüfatının ümumi daxili məhsula töhfəsi ildə 468 milyard ABŞ dolları təşkil edir.
BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini U.Humbo Türkiyədə forumun açılışında bəyan etmişdir ki, təbiətin bu qiymətli nemətinin qorunub saxlanması və meşələrin dayanıqlı idarə edilməsi ilə bağlı məsələlər çoxdur, həm də onlar çox ciddi məsələlərdir.
U.Humbo torpaqların kənd təsərrüfatı üçün istifadəsi məqsədilə meşələrin qırılması ilə bağlı narahatlığını ifadə etmişdir. Çox vaxt bu cür fəaliyyət lazımı qaydada tənzimlənmədən və ya planlaşdırılmadan aparılır ki, bu da arzuedilməz ekoloji, sosial və iqtisadi nəticələrə gətirib çıxarır.
Baş katibin müavini bildirmişdir ki, bu cür nəticələr milli sərhədlər çərçivəsində nadir hallarda özünü göstərir və daha çox transmilli xarakter daşıyır. Bu problemlərin səmərəli həlli üçün biz səylərimizi yalnız milli səviyyədə deyil, həm də regional və qlobal səviyyədə birləşdirməliyik. BMT-nin Meşə Forumu bu istiqamətdə böyük əhəmiyyət kəsb edir.
BMT-nin Meşə Forumu BMT-nin İqtisadi və Sosial Şurasının köməkçi orqanıdır və 2000-ci ildə təsis edilmişdir.
Onuncu sessiyada dünyada meşələrdən dayanıqlı istifadənin təşviqi vasitəsilə meşələrin deqradasiyası ilə mübarizə yolları müzakirə edilir. Sessiya aprelin 19-dək davam edəcəkdir.