İSTANBULDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİ ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
Mərasim iştirakçıları – Azərbaycanın İstanbuldakı baş konsulluğu, Sarıyer bələdiyyəsi, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin idarə heyəti, AZAL-ın İstanbuldakı təmsilçiliyi və burada fəaliyyət göstərən dərnəklər adından ulu öndərin abidəsinin önünə əklillər qoyuldu.
Ümummilli liderimiz Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndi.
Mərasimi giriş sözü ilə açan ölkəmizin İstanbuldakı baş konsulu Səyyad Salahlı müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xalqımız və bütün türk dünyası qarşısında xidmətlərindən bəhs etdi.
Sonra mərasimdə çıxış edən İstanbul Universitetinin tələbəsi Muxtar Hacızadə, Azərbaycan Həmrəylik Dərnəyinin sədri Timur Səlcuk, Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Saleh Bayrakdar,
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver, Sarıyer bələdiyyəsinin sədri Yusuf Tülün ulu öndərin Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsindəki misilsiz xidmətlərindən danışdılar. Bildirildi ki, “bir millət, iki dövlət” kəlamı ilə Azərbaycan-Türkiyə əlaqələrinin mahiyyətini müəyyən etmiş Heydər Əliyevin müəllifi olduğu enerji layihələri xalqlarımızın rifahına xidmət edir. Durmadan inkişaf edən, təməli türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyev tərəfindən qoyulmuş əlaqələrimiz hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov qeyd etdi ki, Heydər Əliyev Türkiyəni azərbaycanlıların iki dövlətindən biri hesab edirdi. Ulu öndərin “bir millət, iki dövlət” və böyük Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” müdrik kəlamları xalqlarımızın birliyinin və qardaşlığının ən doğru tərifidir. Qardaşlıq münasibətlərimizin daha da möhkəmlənməsi bu gün Azərbaycan Prezidenti İlham Əliyevin də diqqət mərkəzindədir.
Anım mərasimində Türkiyənin müxtəlif şəhərlərindən gəlmiş Azərbaycan dərnəklərinin rəhbərləri, ictimaiyyətin nümayəndələri, İstanbulda təhsil alan azərbaycanlı tələbələr iştirak edirdilər. Mərasimin sonunda Sarıyer rayonunda Mustafa Kamal Atatürkün üzərində “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri yazılmış büstünün önünə də çiçək dəstələri qoyuldu.