İSTEDAD, USTALIQ, KAMİLLİK
Mayın 12-də Respublika sarayında əlamətdar tədbir keçiriləcəkdir. Bülbül adına musiqi məktəbinin məzunları öz ifaçılıq məharətlərini nümayiş etdirəcəklər.
Təməli dahi Üzeyir Hacıbəyov tərəfindən qoyulmuş bu məktəbdə təhsilin yüksək səviyyədə aparıldığını sübut etmək üçün o qədər də çox ad çəkmək lazım deyildir. Vətənimiz Azərbaycanı dünyanın bütün qitələrində tanıtmış Qara Qarayevi, Bella Davidoviçi, Çingiz Sadıxovu, Sabir Əliyevi, Tamilla Mahmudovanı, Azər Rzayevi, Vasif Adıgözəlovu, Xəyyam Mirzəzadəni, Musa Mirzəyevi, Gülarə Əliyevanı, Elmira Səfərovanı, Rauf Abdullayevi, Rafiq Quliyevi, Emin Sabitoğlunu, Sərvər Qəniyevi, Zöhrab Adıgözəlzadəni, Polad Bülbüloğlunu, Fərhad Bədəlbəylini, Fidan Qasımovanı və bir çox başqalarını xatırlamaq kifayətdir.
İndi estafet layiqli əllərdədir. Fortepiano, simli alətlər, nəfəs alətləri, xalq çalğı alətləri, dirijor-xor, musiqi nəzəriyyəsi, bəstəkarlıq və xanəndə-vokal şöbələrinin uğurla fəaliyyət göstərdiyi Bülbül adına məktəbin tələbələri respublikada keçirilən bütün müsabiqə və festivallarda fəal iştirak edir, ifaçıların beynəlxalq müsabiqələrində də uğurlar qazanırlar.
Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə hazırlanmış və Respublika sarayında keçiriləcək xeyriyyə konsertində Bülbül adına məktəbin keçmiş və indiki məzunları iştirak edəcəklər. Sonra buraxılış sinfinin şagirdləri, pianoçular - respublika və beynəlxalq müsabiqələrinin laureatı Seyda Tağızadə, respublika müsabiqələrinin laureatı,”Yeni adlar” beynəlxalq fondunun təqaüdçüsü Ülviyyə Dadaşova maestro Rauf Abdullayevin idarəsi ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə öz ifaçılıq məharətlərini nümayiş etdirəcəklər.
İkinci şöbədə məktəbin məzunları, o cümlədən Musiqi Akademiyasının üçüncü kurs tələbəsi, adı gənc istedadların Qızıl kitabına düşmüş Eyyub Quliyev çıxış edəcəkdir. Bir çox müsabiqələrin laureatı Murad Adıgözəlzadənin ifasında P.İ.Çaykovskinin birinci konserti sözsüz ki, dinləyiciləri heyran qoyacaqdır. Fortepiano məktəbinin tanınmış ustadı, beynəlxalq müsabiqələr laureatı, professor Fərhad Bədəlbəyli orkestrin müşayiəti ilə F.Əmirov və E.Nəzirovanın Konsertini səsləndirəcəkdir. Səhnəmizin ulduzları Fidan və Xuraman Qasımovaların ifasında Bizenin “Karmen” operasından “Xabanera” konsertə gələnlərə, sözsüz ki, böyük zövq verəcəkdir.
Sonda “Qız qalası” xorunun ifasında “Azərbaycan kantatası” səslənəcəkdir.