İstehlak bazarında qiymətlər açıqlanıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 113,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 107,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, cari ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 103,1 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 115,6 faiz olub.
Bu ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,4 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 110,5 faiz təşkil edib. Sentyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma geyimin, ayaqqabıların, boyaların, divar kağızlarının, mebellərin, məişət cihazlarının, xalçaların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərlərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Cari ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 103,3 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 111,4 faiz təşkil edib. Cari ilin sentyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma paltarların kimyəvi təmizlənməsi, ayaqqabıların, mənzillərin, məişət cihazlarının, mebellərin, minik avtomobillərinin təmiri, ictimai iaşə, tibbi, stomatoloji, bərbərxana, kosmetoloji və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətlərində, ucuzlaşma isə MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.