İQTİSADİYYAT
İsveçdə kömür, neft və təbii qaz hasilatına qadağa qoyulub
Stokholm, 9 iyun, AZƏRTAC
İsveç öz ərazisində kömür, neft və təbii qaz hasilatına qadağa qoyur və şist hasilatına dair qaydaları sərtləşdirir.
AZƏRTAC İsveç hökumətinin saytına istinadla xəbər verir ki, krallıqda kömür, neft və təbii qazın hasilatına qadağa artıq cari ilin iyulun 1-dən qüvvəyə minəcək.
Yeni qanun layihəsinə görə, İsveçin Ətraf mühit məcəlləsi və “Faydalı qazıntılar haqqında” Qanununa düzəlişlər edilib. Düzəlişlərə əvvəllər uranla edildiyi kimi kömür, liqnit, xam neft, şist nefti və təbii qazın hasilatına qadağa qoyulması, habelə şist hasilatına dair qaydaların sərtləşdirilməsi daxildir.
Qərar mədən yanacaq növləri olmayan bir cəmiyyətə keçid prosesində mühüm addım kimi dəyərləndirilir və onların əvəzinə krallıq iqlim dəyişiklikləri ilə mübarizənin sürətləndirilməsi sayəsində iş yerlərinin yaradılmasına diqqət yetirəcək.
“Biz kömür, neft və təbii qaz kimi mədən yanacaq növlərinin hasilatına qadağa qoymaqla təbiətin mühafizəsi haqqında qanunvericiliyi sərtləşdiririk. Hasilatdan tutmuş istifadəyə kimi mədən yanacağından bütün asılılıq zəncirinin qırılması İsveçin iqlim dəyişikliklərinə qarşı mübarizədə lider olaraq qalmasını təmin etmək üçün mühüm əhəmiyyət kəsb edir”, - deyə iqlim və ətraf mühit naziri Annika Strandhall bildirib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm