İSVEÇRƏ SEÇİCİLƏRİ VƏTƏNDAŞLIĞA QƏBUL QAYDALARININ SƏRTLƏŞDİRİLMƏSİNDƏN İMTİNA ETMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri İsveçrənin nüfuzlu gündəlik “Neue Züricher Zeitung” qəzetinə istinadla xəbər verir ki, futbol üzrə Avropa çempionatına bir neçə gün qalmış İsveçrə vətəndaşları əcnəbilərə qarşı xoşməramlı bir addım atmışlar.
Sağçı mühafizəkar İsveçrə Xalq Partiyasının (SVP) təklifi ilə bazar günü keçirilən seçkilərdə ölkə əhalisinin 63,8 faizi vətəndaşlığa qəbul olunmağa dair yeni qaydaların tətbiqindən imtina etmişdir.
SVP və onun rəhbəri Xristof Bloxerin təşəbbüsü əsasında səsverməyə çıxarılan təklifə görə, yeni qanunla bələdiyyə seçiciləri gizli keçirilən səsvermənin köməyi ilə həmin bələdiyyə ərazisində yaşayan miqrantların İsveçrə vətəndaşlığı üçün etdikləri müraciət barədə qərar qəbul etməlidir. Həmin səsvermələr indiyədək bələdiyyə orqanları tərəfindən həyata keçirilən prosedur qaydalarını əvəzləməli idi. Hazırkı vətəndaşlığa qəbul prosesini kəskin tənqid edən və əcnəbilərin kütləvi şəkildə İsveçrə vətəndaşlarına çevrilməsindən narahat olan SVP-nin təklifində, həmçinin müraciət ərizəsi rədd edilən miqrantlara cavabın səbəbini bildirməmək və buna qarşı kassasiya iddiası imkanını ləğv etmək kimi maddələr də daxil idi.
Ölkənin seçki hüququna malik əhalisinin 44 faizinin iştirak etdiyi səsvermədə seçicilər səhiyyə məsələlərinə dair və seçkilərdən öncə Federal Şura üzvlərinə mətbuat qarşısında yalnız bir dəfə çıxış icazəsi verən digər iki maddənin də əleyhinə səs vermişlər.