İTALİYANIN BAŞ NAZİRİ FUTBOL XULİQANLARININ CİLOVLANACAĞINA SÖZ VERİR
AZƏRTAC Röyterə istinadla xəbər verir ki, İtaliyanın Baş naziri Romano Prodi daxili işlər naziri Culiano Amato və idman işləri naziri Covanni Melandri ilə fevralın 3-də keçirilən görüşdə futbol xuliqanlarına qarşı mübarizə üçün tədbirlər kompleksi hazırlanacağını vəd etmişdir.
Prodi bunu fevralın 2-də İtaliya çempionatında “Kataniya” və “Palermo” klubları arasında görüşdən sonra hər iki komandanın azarkeşlərinin öz aralarında və polislə faciəli toqquşmalarından sonra bildirmişdir. Toqquşma zamanı bir polis həlak olmuş, 130-dək adam yaralanmışdır.
Baş nazir bu hadisəni “idman üçün rüsvayçılıq” adlandırmışdır. O demişdir: “Biz polislərin həyatlarını daim təhlükə qarşısında qoya bilmərik. Elə tədbirlər görməliyik ki, futbol klubları öz azarkeşlərinin davranışına görə məsuliyyət daşıdıqlarını anlasınlar”.
Siciliya hadisələri İtaliya Futbol Federasiyasını sərt tədbirə əl atmağa məcbur etmişdir. Federasiyanın qərarına əsasən, A və B seriyalarında ölkə çempionatı qeyri-müəyyən müddətə dayandırılmışdır. Bundan başqa, İtaliya və Rumıniya yığmaları arasında fevralın 7-nə nəzərdə tutulan yoldaşlıq görüşü təxirə salınmışdır.
İtaliya Futbolçular Assosiasiyasının prezidenti Serxio Kampana bildirmişdir ki, ölkə çempionatı azı bir il müddətinə dayandırılmalıdır. Onun sözlərinə görə, bu müddət ərzində klublar azarkeşlərin və polislərin təhlükəsizliyini təmin etmək üçün öz stadionlarında qayda-qanun yaratmalıdır.
Xatırladaq ki, 1962-ci ildən bəri İtaliyada futbol görüşləri zamanı 13 adam həlak olmuşdur.