İTALİYANIN VENESİYANI XİLAS ETMƏYƏ PULU ÇATMIR
Roman Prodi hökumətinin göstərişi ilə hazırlanmış məruzəyə görə, Adriatik dənizində “Moisey” bəndləri kompleksinin tikintisi üçün zəruri olan 4,6 milyard avrodan hələlik 1,6 milyardı toplanmışdır.
Bundan əvvəl “Moisey” layihəsi əleyhinə fəal çıxış edən Venesiyanın meri Massimo Kaççari qabarmalar zamanı şəhərin su altında qalmasını dayandıra biləcək nisbətən ucuz digər layihələrin mövcud olduğunu xatırlatmışdır.
“Moisey” layihəsi dənizin dibində 79 polad darvazanın quraşdırılmasını nəzərdə tutur. Bu darvazalar qabarmalar zamanı dənizin dibindən qalxaraq suyun qarşısını kəsməlidir. Bir çox beynəlxalq ekspertlərin dəstəklədiyi layihəni Venesiyanın regional hökuməti, şəhərin su idarəsi və Venesiyanı Xilasetmə Komissiyası bəyənmişdir.
Layihənin açılışı 2003-cü ildə sabiq baş nazir Silvio Berluskoninin iştirakı ilə olmuşdur. S.Berluskoni gələcək bəndin özülünə rəmzi ilk daşı qoymuşdur. Bəndin tikintisini 2013-cü ilədək başa çatdırmaq nəzərdə tutulmuşdu.
“Moisey” layihəsinin tərəfdarlarının fikrincə, bəndlərin tikintisini dayandırmaq cəhdi Berluskoni hökumətinin bütün layihələrini prinsipcə yenidən gözdən keçirən sol-mərkəzçi Prodi hökumətinin siyasi addımıdır.
Xatırladaq ki, son 100 ildə Venesiya ərazisində torpaq dəniz səviyyəsi ilə müqayisədə 23 santimetr enmişdir. Hazırda şəhərin meydanları orta hesabla ildə 200 gün suyun altında qalır.