REGİONLAR
İxracın stimullaşdırılması V Qafqaz İqtisadi Forumunun əsas müzakirə mövzusu olub VİDEO
Quba, 21 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 21-də Qubada Qafqaz Universitetinin təşkilatçılığı ilə V Qafqaz İqtisadi Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, forum Azərbaycanın iqtisadi inkişaf strategiyasına uyğun olaraq “İqtisadi böhran kontekstində ixracın stimullaşdırılması” mövzusunu əhatə edib.
Quba rayonunun İkinci Nügədi kəndində yerləşən Tədris, İdman və İstirahət Kompleksində təşkil olunan forumda Qafqaz Universiteti ilə yanaşı, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texnologiya Universitetinin təmsilçiləri də iştirak ediblər.
Forum çərçivəsində keçirilən panel müzakirələrə bir çox dövlət və özəl sektorun nümayəndələri, mütəxəssislər və elm adamları qatılıb. Azərbaycan iqtisadiyyatının mənfi ekzogen təsirlərə qarşı dayanıqlılığının təmin olunması, manatın devalvasiyasının qeyri-neft sektorunun ixracına təsiri, neft gəlirlərinin azalması fonunda ixracın diversifikasiya zərurəti ilə bağlı mövzular ətrafında məruzələr səsləndirilib. Bunlarla yanaşı, ixracın stimullaşdırılması istiqamətində aparılan islahatlar, ixrac potensialının yüksəldilməsi və ixracın stimullaşdırılması yolları, Azərbaycan şirkətlərinin beynəlxalq bazara çıxmasında innovativ sahibkarlığın əhəmiyyəti, ixracın stimullaşdırılmasında İKT-nin və İSO 9001:2015 standartlarının rolu kimi mövzular ətrafında da fikir mübadiləsi aparılıb.
Forumda təşkilatçı qurumlarla birlikdə, Milli Məclisin deputatları, İqtisadiyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsinin Akademiyası, “ADA” Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, Quba Rayon İcra Hakimiyyəti və “Veysəloğlu” şirkətlər qrupunun nümayəndələri təqdimatçı kimi yer alıblar.
Forumun yekununda əldə ediləcək nəticələrlə əlaqədar dövlət qurumlarına təkliflər paketi təqdim olunacaq.