İyunun 17-si Azərbaycanın tibb işçilərinin peşə bayramıdır
Bakı, 17 iyun, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamı ilə hər il 17 iyun ölkəmizdə tibb işcillərinin peşə bayramı kimi qeyd olunur.
Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin edilir.
Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılıb ki, bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açıb.
Müstəqil respublikamız ötən illərdə səhiyyə sahəsində bir çox uğurlara imza atıb. Həyata keçirilən dövlət proqramları müvəffəqiyyətlə davam etdirilir. İrsi qan xəstəlikləri ilə bağlı Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin əhəmiyyəti xüsusi vurğulanmalıdır. UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bilavasitə təşəbbüsü ilə reallaşdırılan bu proqramlar çərçivəsində talassemiyalı və hemofiliyalı xəstələrin problemləri həllini tapıb.
Ötən dövr ərzində səhiyyə müəssisələrinin inşası, əsaslı təmiri və yenidən qurulması istiqamətində çox böyük işlər görülüb. Bakıda və ölkənin digər regionlarında 500-dən çox tibb müəssisəsinin tikintisi və əsaslı təmiri aparılıb. Son illər ərzində Azərbaycan Tibb Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Ölkədə tibbi kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi məqsədilə universitetin tədris klinikaları yaradılıb. Respublikamızın bir çox bölgələrində beynəlxalq standartlara cavab verən yeni müalicə-diaqnostika mərkəzləri inşa edilib. Bu diaqnostika mərkəzlərində ən unikal cərrahiyyə əməliyyatların aparılması üçün hər cür şərait yaradılıb.
Azərbaycan səhiyyəsinin Avropa məkanına inteqrasiya olunmasına ciddi səylər göstərilib. Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin maddi-texniki bazasının təkmilləşdirilməsi, yeni müasir növ sanitar avtomobillərlə təminatı istiqamətində də əhəmiyyətli işlər görülüb. Almaniyadan gətirilən “Mercedes” markalı təcili tibbi yardım avtomobilləri buna bariz nümunədir.
Səhiyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi də dövlət başçısının diqqət mərkəzindədir. Son illər ərzində səhiyyə işçilərinin maaşı dəfələrlə artırılıb. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətdən yüksək səviyyədə yararlanır. Bir sözlə, səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir.