İZVESTİYA AZƏRBAYCAN İZVESTİYA
TEMATİK ƏLAVƏ
II İoann Pavel: Rimas Kurtinaytis:
“Azərbaycana və onun “Mürəkkəb məsələləri həll
nəcib xalqına sülh etməkdən çəkinmirəm”
və tərəqqi arzulayıram” 2002-ci ilin ən gözlənilməz
2002-ci ildə Bakının idman müqaviləsi
ən fəxri qonağı
Devid Vudvord: Əkrəm Əylisi:
“Neft hasilatı artacalqdır” “Öz əqidəmi heç vaxt
2002-ci ilin ən səmərəli əcnəbi dəyişməmişəm”
biznesmeni 2002-ci ilin ən məşhur ictimai
xadimi
Azərbaycan şəkkakları məyus etdi. Prezident Heydər Əliyevin opponentləri də çaşıb qalmışlar. Onların əsla gözləmədikləri hadisələr baş verir. Bəs keçmiş Sovet İttifaqının bu respublikasında həqiqətən nələr baş verir?
Birincisi. İqtisadiyyat yüksəlişdədir. İnkişafın illik artım sürəti 9-10 faiz təşkil edir.
İkincisi. Ümidlər artır. Ümidlər möhkəmlənir demək daha dəqiq olardı. Əhalinin real gəlirlərinin səviyyəsi hər il təxminən 15-20 faiz yüksəlir.
Əlbəttə ki, ümid iqtisadi kateqoriya deyildir. İqtisadçılar nəyisə gözləyirlər. Bununla belə, ümid adi insanlar üçün həyat kompasıdır. Ümid siyasi mənada da postsovet ölkələrimizdə su-hava kimi gərəkdir. Deməli, ictimai əhval-ruhiyyənin bu barometri siyasətçilərin vədlərindən də güclü olacaq, Bakıda əsən və bu yerlərin iqliminə adət etməyən qonaqları bəzən taqətdən salan xəzridən də güclü olacaqdır.
İqtisadiyyatdakı canlanma və onun inkişafı ölkənin qarşısında keyfiyyətcə yeni vəzifələr qoyur. Cəmiyyətdə artan ümidləri indi hakimiyyət strukturlarının bütün səviyyələrində sistemli işlə möhkəmlətmək lazımdır. Prezidentin qəbul etdiyi qərarların - kiçik və orta biznesi, kənddə özəl sahibkarlığın inkişafını, yeni iş yerlərinin açılmasını hər vasitə ilə təşviq etməli olan qərarların özünün də, qəribə olsa da, dəstəklənməyə ehtiyacı var.
Fiziklər bilirlər: ətalət qüvvəsi müəyyən hallarda istənilən sistemi dağıda bilər. Lakin siyasətdə ətalət qüvvəsi iki dəfə artaraq, “ətalət müqaviməti” qüvvəsinə çevrilir. Fiziklər öz laboratoriyalarında elementar zərrəciklər axtarırlar, həyatda isə belə görünür ki, hər şey sadədir!
İqtisadiyyatda dəyişikliklər Azərbaycan Prezidentinin bir sıra fərmanlarına və Heydər Əliyevin xarici və yerli sahibkarlarla görüşlərindən sonra hökumətin qəbul olunmuş normativ-hüquq aktlarına əsasən həyata keçirilir. Onların arasında “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramının (2002-2005-ci illər) təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında”, “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” fərmanları ayrıca vurğulamaq lazımdır.
İri şəhərlərdə infrastruktur həmişə daha yaxşı inkişaf etmiş olur və buna görə də sahibkar oraya gedir. Dövlət artıq buna qarşı müəyyən tədbirlər görməyə başlamışdır. Məsələn, vergi sistemində köklü dəyişikliklər belə tədbirlər rolunu oynaya bilər. Respublikanın rayon və şəhərlərində 62 vergi şöbəsi və idarəsi ləğv edilmiş, onların əvəzinə 12 ərazi (zona) vergi idarəsi yaradılmışdır. Bütün vergi sistemində struktur dəyişikliklərinin aparılması və kadr heyətinin 40 faiz ixtisar olunması sahəsində iş davam edir.
Vergi Məcəlləsinə dəyişiklik və əlavələrə uyğun olaraq, 2003-cü il yanvarın 1-dən mənfəət vergisinin fərqli dərəcələrini tətbiq etmək, habelə verginin sadələşdirilmiş sistem üzrə tətbiq sahəsini genişləndirmək nəzərdə tutulur. Prezident bir sıra konstruktiv tədbirlər görmüşdür, bunlar kapital axınını rayonlara yönəltməyə kömək edəcəkdir. İndi Bakıda mənfəət vergisi 25 faizədək azaldılmışdır, ölkənin bir sıra bölgələrində isə cəmi 10 faiz təşkil edəcəkdir.
Dəyişikliklər həyata keçirilir və öz bəhrəsini verir. Qara əmək bazarında işçi qüvvəsinin qiyməti kəskin şəkildə qalxmışdır. Bu, onu göstərir ki, ölkədə işsiz adamların sayı getdikcə azalır.
“İzvestiya-Azərbaycan”ın bugünkü buraxılışında oxucu indi bu ölkənin necə işlədiyi və hansı qayğılarla yaşadığı barədə yeni məlumatlar alacaqdır.
Vahid AXUNDOV, Azərbaycan Respublikasının iqtisadi siyasət üzrə dövlət müşaviri:
İQTİSADİYYAT YA İNKİŞAF EDİR, YA DA O, ÜMUMİYYƏTLƏ YOXDUR
Azərbaycan iqtisadiyyatı durğunluq vəziyyətindən çıxmışdır. 1995-ci ildən ölkədə aparılan fəal bazar islahatları özünün real bəhrələrini verməyə başlamışdır. İqtisadiyyatdakı müsbət meyllər göz qabağındadır. Azərbaycan Respublikasının iqtisadi siyasət üzrə dövlət müşaviri Vahid AXUNDOV “İzvestiya”ya islahatların ideologiyasından və iqtisadiyyatda gedən proseslərdən danışmışdır.
- Cənab Axundov, demək olarmı ki, iqtisadi islahatların aparılmasında Azərbaycanın öz yolu, xüsusi bir yolu var?
- Hər bir ölkə xüsusi bir ölkədir. Amma tərəqqiyə, inkişafa doğru aparan yollar, hər halda, hamı üçün ümumidir. Şərqdə deyildiyi kimi, yollar ümumidir, buna baxmayaraq, öz yolunu tapmaq vacibdir. Hərənin öz psixologiyası, öz üstünlükləri və çatışmazlıqları, öz tarixi şəraiti, başlanğıc imkanları var. Ya özün müstəqil surətdə yaratmalısan, ya da klonlaşmalısan - məsələ bax bundadır. Lakin iqtisadiyyatı klonlaşdırmaq olmaz. İqtisadiyyatı yaratmaq, tənzimləmək, sahmanlamaq və inkişaf etdirmək lazımdır. Xüsusən də bizdə - postsovet ölkələrində.
- Azərbaycana necə bir iqtisadiyyat lazımdır? Qənaətcilmi?
- Ciddi sualdır. Qısa cavab verəcəyəm: tarazlı iqtisadiyyat. 1 nömrəli prioritet - enerji sektorunun inkişafıdır. 1 nömrəli məsələ - qeyri-neft sektorunun inkişafıdır. Dövlət siyasətinin başlıca məqsədlərindən biri məhz tarazlı iqtisadiyyat yaratmaqdır.
- İqtisadiyyatın digər sahələrinin inkişafına dair ölkənin proqramı varmı?
- Var. Ola bilsin, o, hələ axıradək işlənməyibdir. Amma istiqamət aydındır. Nəzərə çarpdırmaq istəyirəm: qeyri-neft sektorunun inkişaf proqramı özəl təşəbbüsün həvəsləndirilməsini, yerli və xarici kapitalın cəlb edilməsini nəzərdə tutur. Azərbaycan dövləti iş görməyi bacaranlara və istəyənlərə fəaliyyət sərbəstliyi verir. Kimin nə etməsi, hansı biznesmenin nə ilə məşğul olması barədə göstəriş olmayacaqdır. Qeyri-neft sektorunu süni surətdə yaymaq bizim yolumuz deyildir.
- Bəs sizin yolunuz hansıdır?
- Özəl sahibkarlıq təşəbbüsü və bazar. Özəl kapital və bazarın tələbatı. Özəl təşəbbüs və dövlətin mənafeləri. Özəl kapital və cəmiyyətin rifahı. İndi qeyri-neft sektoru kreditlərin - həm daxili, həm də beynəlxalq kreditlərin hesabına inkişaf edir. Biz Avropa Bankı və Dünya Bankı ilə, digər beynəlxalq maliyyə qurumları ilə fəal əməkdaşlıq edirik.
- Özəl sahibkarlığın inkişafı üçün bu il hansı işlər görülmüşdür?
- Bazar əsaslı surətdə sərbəstləşdirilmişdir. Bu gün əcnəbi və yerli sahibkar yaradılmış şəraitdə artıq böyük inamla fəaliyyət göstərə bilər. Prezidentimizin sahibkarlarla - həm bizim, həm də əcnəbi sahibkarlarla çox səmimi iki görüşü olmuşdur. Bu görüşlərin nəticəsi olaraq, dövlət başçısı biznesi təşviq edən fərmanlar imzalamış, Nazirlər Kabineti sərəncamlar vermiş, bir sıra qanunlara müvafiq dəyişikliklər edilmişdir. Prezidentin qəbul etdiyi tədbirlər paketində sahibkarlığın kreditləşdirilməsi siteminin inkişafına çox güclü diqqət yetirilmişdir. Bu il biz kiçik sektorun maliyyələşdirilməsinə ayrılan vəsaitin həcmini beş dəfə artırmışıq. Gələn il bu həcm təxminən on dəfə artırılacaqdır.
- Qərarlar qəbul ediləndən sonra nə isə dəyişməyə başlamışdırmı?
- Sahibkarlar əvvəlcə təəccübləndilər, sonra da hərəkətə gəldilər. Kreditlərə, öz işini yaratmağa maraq kəskin surətdə artdı. Odur ki, indi bir çox sahələrdə - kənd təsərrüfatında, tikintidə əsl canlanma müşahidə edilir. Əcnəbi sərmayəçilərin də, - xüsusi qeyd etmək istəyirəm, neft və qaza dəxli olmayan sərmayəçilərin, - Azərbaycana marağı artmışdır.
- Ölkə iqtisadiyyatinın indiki vəziyyəti necədir?
- Azərbaycanın ümumi makroiqtisadi göstəricisi inkişafa şərait yaradır. Bu, inflyasiyanın səviyyəsinin aşağı olması - ildə təxminən 2 faiz, yerli valyutanın dollara nisbətdə məzənnəsinin sabitliyi, gömrük rejiminin, ticarət rejiminin, valyuta, vergi rejimlərinin liberallaşdırılmasıdır.
-Bu mənada cari il Azərbaycan iqtisadiyyatı üçün xüsusi ildir?
- Bəli. Prinsipcə, biz həmişə başa düşürdük ki, sahibkar iqtisadiyyatın özəyi və hərəkətverici qüvvəsidir, onu dəstəkləmək və irəlilətmək lazımdır. Biz onu da gözəl başa düşürük ki, orta təbəqənin və sahibkarlar, milli sahibkarlar təbəqəsinin yaradılması hazırda bazar iqtisadiyyatında gedən dəyişikliklərin dönməzliyinin təminatıdır. Bu il ölkədə özəl təşəbbüsün dəstəklənməsi üçün prinsipial əhəmiyyətə malik təşkilati tədbirlər görülmüşdür. Biz bir çox məsələlərdə, - məsələn, müəssisələrin qeydiyyatı sahəsində, - icazə rejimindən müraciət rejiminə keçmişik. Bütün bunlar biznes üçün əlverişli mühit yaradır. Bizdə SƏDM sisteminə oxşar bir sistem var idi, sahibkarlıq üçün əngələ çevrilmişdi. Bəli, belə bir sistem vardı, lakin indi Prezidentin fərmanı ilə ləğv edilmişdir.
- Azərbaycan iqtisadiyyatı yüksəlişdədir. Gələn il üçün proqnozunuz necədir?
- 9-10 faiz inkişaf sürəti saxlanılacaqdır. Gələn il sahibkarlıq işi kəskin surətdə fəallaşacaqdır. Xüsusən də kənd təsərrüfatında və kənd təsərrüfatı məhsullarının emalı sahəsində. Bu, bizim üçün sosial baxımdan da çox vacibdir, çünki əhalinin yarısı kəndlərdə yaşayır, işçi qüvvəsinin yarısı aqrar sektorda cəmləşmişdir.
- İqtisadiyyatınıza kimlər sərmayə qoyurlar?
- Sərmayələrin təxminən dörddə üçü xarici, dörddə biri isə daxili sərmayələrdir.
- Bu, bütövlükdə neçə milyard dollardır?
- Hər il təqribən iki milyard dollar. Adambaşına düşən sərmayələrin orta səviyyəsinə görə, biz MDB-də ön sıralardayıq. Sevindirici haldır ki, son illər qeyri-neft sektoruna yönəldilən sərmayələrin artması meyli müşahidə edilir. Yeri gəlmişkən, son ildə Azərbaycanın ixrac strukturunda qeyri-neft sektorunun payı doqquz bənd artmışdır.
EKSPERTLƏRİN PROQNOZU
Müəyyən orta - və uzunmüddətli prioritetlərə uyğun olaraq, iqtisadi inkişaf yüksək sürətinin saxlanılması, yoxsulluğun, sosial bərabərsizliyin azaldılması və ölkə sakinlərinin həyat səviyyəsinin ardıcıl surətdə qaldırılması əvvəlki illərdəki kimi, gələcəkdə də Azərbaycanın sosial-iqtisadi siyasətinin məqsədi olacaqdır.
Azərbaycanın ortamüddətli sosial-iqtisadi inkişaf konsepsiyasına görə, 2005-ci ildə ümumi daxili məhsulun (ÜDM) real artımı 2001-ci ildəkinə nisbətən 57,5 faiz təşkil edəcək, qeyri-dövlət sektorunun ÜDM-də xüsusi çəkisi isə 75 faizə çatacaqdır.
2005-ci ildə ÜDM-də sənayenin xüsusi çəkisi 36 faiz, kənd təsərrüfatında 14 faiz təşkil edəcək, tikintidə iki dəfə artaraq 12 faiz, xidmət sahəsinin xüsusi çəkisi isə 38 faiz olacaqdır.
Həmin vaxtadək neft sektorunun xüsusi çəkisi 31 faizə, qeyri-neft sektorununku isə 69 faizə çatacaqdır.
2001-ci illə müqayisədə 2005-ci ildə sənayedə artım 61 faiz, kənd təsərrüfatında 40 faiz, tikintidə üç dəfə, ticarətdə 50 faiz, nəqliyyatda 37, rabitə sahəsində 54, xidmət sahəsində 44 faiz təşkil edəcəkdir.
Yaxın 3 ildə Azərbaycan iqtisadiyyatına 10 milyard dollardan çox sərmayə yönəldiləcəkdir. Onun 23 faizi daxili sərmayələr hesabına, 77 faizi isə xarici sərmayələr hesabına olacaqdır.
ƏN FƏXRİ QONAQ
2002-ci ildə Azərbaycana çox qonaq - prezidentlər və baş nazirlər, nazirlər və milyonçular gəlmişdir. Lakin bu il ölkə üçün xüsusilə əlamətdar olmuşdur - katolik kilsəsinin başçısı II İoann Pavel may ayında Azərbaycana səfər etmişdir. XX əsrin əvvəllərində, neft sənayesinin sürətli inkişafının ilk dövründə sahibkarların puluna Bakıda katolik məbədi tikilmişdi. Otuzuncu illərdə bolşeviklər onu dağıtmışdılar. İndi katoliklərin mövcud ibadətgahına gələnlər çox deyil, təxminən 200 nəfərdir. Lakin, Bakı yenidən beynəlxalq səviyyəli işgüzar mərkəzlərdən birinə çevrilir. Azərbaycanda işləmək istəyənlərin sayı ilbəil artır. Ona görə də katolik məbədi bərpa ediləcəkdir.
Devid VUDVORD: İNDİ BİZ ON BİR ŞİRKƏTİK
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) prezidenti, bp-nin Azərbaycandakı baş təmsilçisi Devid VUDVORD başa çatmaqda olan ilin yekunlarından razıdır.
- Neft hasilatının səviyyəsi artır və Azərbaycan neftinin ixracı cədvəl üzrə yerinə yetirilir. “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun tam miqyasda işlənilməsi davam edir. Bu il “Çıraq” platformasında gündəlik hasilatın orta səviyyəsi 128 barrel olmuşdur. Artıq noyabrda hasilat orta hesabla 133 barrelə çatmışdır. “Azəri” layihəsi də cədvəl üzrə həyata keçirilir. İşlərin qalan hissəsi gələn il başa çatdırılacaqdır. “Şərqi Azəri” və “Qərbi Azəri” yataqlarının işlənilməsinə 5,2 milyard dollar xərclənəcəkdir. Bunun 3,8 milyardı qurğuların tikintisinə və istismar quyularının qazılmasına gedəcəkdir. Mən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisində işlərin gedişindən də razıyam. Bu il layihəyə üç iri şirkət qoşulmuşdur: TotalFinalElf, İNPEX və “KonokoFilips”. Deməli, səhmdarların tərkibi belədir: bp (30,1 faiz), ARDNŞ (25 faiz), “Yunokal” (8,9 faiz), “Statoyl” (8,71 faiz), TPAO (6,53 faiz), ENİ (5 faiz), TotalFinalElf (5 faiz), İtochu (3,4 faiz), İNPEX (2,5 faiz), “KonokoFilips” (2,5 faiz) və “Amerada Hess” (2,36 faiz).
Bu boru kəmərində bilavasitə işlər 2003-cü ilin I rübündə başlanacaq və 2004-cü ilin IV rübündə sona çatdırılacaqdır. Biz layihə çərçivəsində neft ixracına 2005-ci ilin I rübündə başlamaq fikrindəyik.
ÖLKƏ NECƏ İŞLƏYİR
SOSİAL-İQTİSADİ İNKİŞAFIN MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ
2002-ci ilin yanvar-oktyabr aylarında 22,8 trilyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilmişdir ki, bu da ötən ilin həmin dövründəkinə nisbətən 2,1 trilyon manat və ya 10,3 faiz çoxdur.
ÜDM-nin bütün həcminin 34,3 faizi sənayenin, 12,3 faizi kənd təsərrüfatının, 11,8 faizi nəqliyyatın, 8,7 faizi ticarət və ictimai iaşənin, 6,7 faizi tikinti kompleksinin, 26,2 faizi sosial və digər xidmət sahələrinin payına düşür. Adambaşına istehsal olunan ÜDM 2,8 milyon manat (576,6 ABŞ dolları) təşkil edir ki, bu da ötən ildəkindən 9,5 faiz artıqdır.
Sənaye məhsulu istehsalı ötən ildəkinə nisbətən 3 faiz artaraq 14,8 trilyon manata çatmışdır. O cümlədən yanacaq sənayesində artım 2,2 faiz, metallurgiyada 99,4 faiz, kimya və neft kimyası sahəsində 35,7 faiz, tikinti materialları sənayesində 49 faiz, meşə, ağac emalı və sellüloz-kağız sahəsində 9,2 faiz, şüşə və çini-saxsı məhsulu istehsalında 27,5 faiz təşkil etmişdir. Özəl sektorun sənaye müəssisələrində istehsalın həcmi ötən illə müqayisədə 10,7 faiz artaraq, sənayedə istehsal olunmuş bütün məcmu məhsulun 49,2 faizinə çatmışdır.
Kənddə işlər neçədir
2002-ci il noyabrın 1-nə olan məlumata görə, 2,2 milyon ton taxil (qarğıdalı ilə birlikdə), 691,2 min ton kartof, 938 min ton tərəvəz, 377,2 min ton meyvə və giləmeyvə, 328,4 min ton bostan məhsulu, 50,2 min ton üzüm, 2,9 min ton tütün, 1339 ton yaşıl çay yarpağı toplanmışdır. Ötən illə müqayisədə taxıl istehsalı 170,3 min ton (8,5 faiz), kartof - 86,1 min ton (14,2 faiz), tərəvəz - 58,1 min ton (6,6 faiz) bostan məhsulu - 38,2 min ton (13,2 faiz), çay yarpağı - 271 ton (25,4 faiz) artmışdır. Bununla yanaşı, üzüm və tütün istehsalı müvafiq surətdə 17,8 və 75,5 faiz azalmışdır.
Heyvandarlıq məhsulları istehsalında da sabit artım müşahidə edilir. Ötən ilə nisbətən ət istehsalı (diri çəkidə) 5,2 faiz, süd - 4,3, yumurta - 1, yun - 2, faiz artmışdır. Heyvandarlıq məhsulları istehsalı, bütövlükdə, 4,1 faiz artmışdır. Ümumiyyətlə, kənd təsərrüfatının bütün sahələrində istehsalın artımı 5,5 faiz olmuşdur.
Ölkə necə tikir
Ötən illə müqayisədə kapital qoyuluşunun həcmi 93,3 faiz, tikinti-quraşdırma işlərinin həcmi 2,6 dəfə artmışdır. Qoyulmuş vəsaitin 90 faizi (7,2 trilyon manat) istehsal təyinatlı obyektlərin tikintisinin davam etdirilməsinə xərclənmişdir. Kapital qoyuluşunun ümumi həcmində xarici sərmayələrin payı 77,1 faiz (6,1 trilyon manat) təşkil etmiş və ötən ildəkinə nisbətən 2,3 dəfə artmışdır.
9 ayda ölkənin iqtisadiyyatına 1,2 milyard ABŞ dollarından çox xarici sərmayə qoyulmuşdur ki, bu da ötən ilin müvafiq dövrünün analoji göstəricisindən 585,5 milyon dollar artıqdır.
ÖLKƏ NECƏ TİCARƏT EDİR
9 ayda xarici ticarət dövriyyəsinin həcmi 2651,6 milyon dollar olmuşdur ki, bu da ötən ilin həmin dövründəkinə nisbətən 7,2 faiz çoxdur. Mal dövriyyəsinin 57,1 faizi (1513,7 milyon dollar) ixracın, 42,9 faizi (1137,9 milyon dollar) idxalın payına düşür. Bütün mal dövriyyəsinin 76,6 faizini uzaq xaric ölkələri ilə, 23,4 faizini isə MDB-nin üzvü olan dövlətlərlə ticarət əməliyyatları təşkil etmişdir. Uzaq xaric ölkələri ilə ticarət 2 faiz, MDB dövlətləri ilə ticarət 28,6 faiz artmışdır.
İlin əvvəlindən bəri idxal 22,7 faiz çoxalmışdır (respublikaya gətirilmiş malların 59,6 faizi uzaq xaric dövlətlərinin, 40,4 faizi MDB ölkələrinin payına düşür).
Xarici ticarət əməliyyatlarının 59,5 faizi sabit dönərli valyuta ilə həyata keçirilmiş, 375,8 milyon dollar həcmində müsbət ticarət saldosu əldə edilmişdir.
ÖLKƏ NECƏ YAŞAYIR
Ötən 10 ayda istehlak mallarqının qiymətləri və xidmət tarifləri keçən ilin həmin dövründəkinə nisbətən 2,6 faiz artmışdır (ərzaq malları - 3,4 faiz, qeyri-ərzaq malları - 2,4 faiz bahalaşmış, xidmətlərin dəyəri dəyişməz qalmışdır). Orta əmək haqqı 21,1 faiz yüksəlmişdir. Adambaşına düşən pul gəlirləri 9,7 faiz artmışdır.
BU İL QƏZETİMİZDƏ KİMLƏR ÇIXIŞ ETMİŞLƏR
Bu, “İzvestiya-Azərbaycan” xüsusi layihəsinin 12-ci buraxılışıdır. Mübaligəsiz demək olar ki, layihə misilsiz xarakter daşıyır. Bu, ölkələrimiz arasında əməkdaşlığın nümunəsidir. Azərbaycan vətəndaş cəmiyyətinin inkişafı üçün informasiya məkanını genişləndirməyin necə böyük əhəmiyyəti olduğunu başa düşərək, “İzvestiya”nın ideyasını dəstəklədi. Rusiya ilə Azərbaycan arasında tammiqyaslı münasibətlər bərpa edilməsəydi, belə layihənin həyata keçirilməsi yəqin ki, mümkün olmazdı.
Biz buraxılışlarımızda Azərbaycanın sosial-iqtisadi inkişaf meyllərini əks etdirən mövzulara toxunmuşuq.
ÇIXIŞ ETMİŞLƏR:
Milli Olimpiya Komitəsinin prezidenti İlham ƏLİYEV;
SSRİ xalq artisti Müslüm MAQOMAYEV;
klassik yazıçı Əkrəm ƏYLİSLİ;
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti Devid VUDVORD.
Habelə
iqtisadi inkişaf naziri Fərhad ƏLİYEV;
vergilər naziri Fazil MƏMMƏDOV;
Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin HEYDƏROV;
təhsil naziri Misir MƏRDANOV;
idman, gənclər və turizm naziri Əbülfəz QARAYEV;
mədəniyyət naziri Polad BÜLBÜLOĞLU.
Habelə
Azərbaycan Respublikasının iqtisadi siyasət üzrə dövlət müşaviri Vahid AXUNDOV;
Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli ƏSƏDOV;
Habelə çoxsaylı ekspertlər, idmançılar və biznesmenlər, mədəniyyət və incəsənət xadimləri.
Habelə
yerli icra hakimiyyətlərinin başçıları,
gənclərin nümayəndələri,
fermerlər,
ticarətçilər
və bir çox başqaları.
ƏMƏKDAŞLIĞA GÖRƏ ONLARIN HAMISINA ÇOX SAĞ OLUN DEYİRİK.ÜMİDVARIQ Kİ, QARŞIDA BİZİ YENİ GÖRÜŞLƏR GÖZLƏYİR!
Əkrəm ƏYLİSLİ, yazıçı
YAZI MASASI ARXASINDA YENİDƏN ÖZÜMÜ TAPDIM
Azərbaycan ədəbiyyatının tanınmış klassiki ilə Bakının mərkəzindəki restoranların birində söhbət edirik. Buxarının önündə oturmuşuq. Pəncərədən qara bürünmüş şəhər, yeni il qabağı idillik mənzərə görünür. Çöldə tipik Moskva havası var: gah külək qarı sovurur, gah da günəş boylanır. Bütün bunlar bizi fəlsəfi düşüncələrə dalmağa, yaxın keçmişi xatırlamağa kökləyir. Hansı yazıçı ilə söhbət dövr, ölkə, insanlar və onun özü haqqında düşüncələrsiz ötüşə bilər. Yazıçı bir neçə il bundan əvvəl Bakını tərk edərək, öz vətəninə, Naxçıvanın Əylis kəndinə getmişdir. Xəbərçilik azarından hələ də xilas olmamış bədxahlar dərhal car çəkdilər ki, qaçıb getmişdir. Qaçıbsa, deməli, indiki hakimiyyəti dəstəkləmir. Bəs, Əylislinin ən çox istədiyi nə idi?
Əylisli yaxın keçmiş barədə
-Düzünə qalsa, 1990-cı ilin əvvəli elə bir dövr idi ki, o zaman nə baş verdiyini düşünməkdən imtina edirdim ki, mən kiməm, nəyə lazımam? İnsanlar gözdən düşürdülər, öz simalarını itirirdilər. Ümumi psixoz acı nəticələrə gətirib çıxarırdı. İnsan qədir-qiymətdən düşmüşdü. 1990-cı ildə yazdığım povestlərin birində mən bu barədə danışmışam. Biz elə bir dövrdə yaşayırdıq ki, baş verənlərdən Allah bəndəsi yox, heç peyğəmbərlər də baş çıxara bilmədi.
Məsələn, mən çox şeyi başa düşmürdüm. Qorbaçovu əvvəl başa düşürdüm, yenidənqurmaya başlayanda hətta ona güclü rəğbət də bəsləyirdim. Lakin Qorbaçov hər bir adamın dəyişməli olduğunu deyəndə, daha ona inanmadım. Mən partiya məmuru deyildim, məhsulu necə yığmaq, hansı kitabları oxumaq barədə göstərişlər vermirdim. Qurultaydan qurultaya əqidəmi dəyişmirdim. Axı, mən niyə özümü dəyişməyə başlamalıydım. Başa düşdüm ki, ciddi söhbət deyildir.
Xalqın müdrikliyi haqqında
-Həqiqətən, xalq kimi tanıdığım xalq mənim üçün xüsusi məfhumdur. Hətta məlum hadisələr zamanı mitinq keçirilən meydanlarda xalq yox, əsasən, insanlar toplaşırdı. Oraya yığılan insanlar isə onların arxasında kimlərin durduğunu yalnız sonradan başa düşdülər. Onların da kimliyi məlumdur. Buna görə də bu kataklizmlərə baxmayaraq, Azərbaycanda heç vaxt qiymətdən düşməyən namus, sədaqət, vəfa, işləmək bacarığı, bir-birinin əlindən tutmaq, nəhayət, xeyirxahlıq kimi dəyərlər sürətlə öz yerini tutdu. Xalqın öz yaddaşına qayıtmasını millətin ötən illərin psixozundan sağalmasının ən vacib göstəricilərindən biri hesab etmək olar. Əgər onun yaddaşını insafsızcasına və utanıb-qızarmadan öldürür, məhv edirlərsə, mənə elə gəlir ki, bundan dəhşətli heç nə ola bilməz.
İndi xalqda ümid yaranıb, xalq sakitləşib, xalqın əhval-ruhiyyəsi dəyişib, artıq 1988-ci ildə, müstəqilliyin ilk illərində olduğu kimi deyildir.
Böyük və kiçik Vətən Haqqında
-Əylis mənim qəlbimin paytaxtıdır. Azərbaycanda mənim kəndimi də çox vaxt Əylisli adlandırırlar, yəqin ona görə ki, adım insanlara kifayət qədər tanışdır. Kəndin adı Əylisdir. “Li” şəkilçisi yalnız yer kürəsinin bu gözəl parçasına mənsub olduğuma işarədir. Bəli, mən o kənddənəm. Mən kənddən 1954-cü ildə çıxmışdım. Yarıac- yarıtox dolanan kənd idi. Elektrik işığı yox idi. Heç nə yox idi. Amma xatirimdə nə qədər işıqlı anlar qalmışdır!
Əylisdə uzun müddət hansısa ruh düşgünlüyü vəziyyətində qala bilmirəm. Kəndim mənim üçün istinad nöqtəsidir, mən hər şeyi onunla ölçürəm. Ekzüperi demişdir: bizim hamımız əslən uşaqlıq dövründənik. Lakin, təəssüf ki, çoxları bunu yaddan çıxarıb. Məndə indiyə kimi qalmış bütün insani keyfiyyətlər hamısı oradandır! Artıq üç ilə yaxındır ki, orada yaşayıram, il yarım kənddən kənara çıxmamışam. Hələ indiyədək də doğma torpağın havasından doya bilmirəm.
Bax, mən buna görə doğma ocağıma qayıtmışam. Mən ora ucsuz-bucaqsız bir səhraya gedən kimi üz tutdum, o səhraya ki, dağların, hansısa qum təpəliklərinin arxasında ilğım görürdüm: bax, orada, haradasa su var, axtarırsan, axtarırsan, ancaq həmin suya çata biləcəksənmi?
İstəyirsinizsə, bunu həqiqət axtarışı adlandırın. Mən isə belə deyərdim: Əylisdə həyat mənə artıq Bakıdakı mənzilimdə təsəvvür etdiyim qədər də ümidsiz görünmür. Nəyə isə məndə qəti, dönməz inam yarandı. Nəyə? Məsələn, şəhərdən baxarkən, hər bir qəzeti oxuyarkən fikirləşməyə başlayırsan ki, həyat yalnız kiminsə hakimiyyətə gəlməli olmasından, kimin isə hakimiyyətdən getməli olmasından ibarətdir. Sanki həyatın bütün şirəsi sıxılıb çıxarılmışdır. Şirə sıxılıb çıxarılır və ömür adlandırılan nə isə qalır. Bax, o ömür adlandırılan “nə isə” indi həyatımızda üstünlük təşkil edir. Paytaxtdakı həyatın olmadığı o kənddə isə insanlar real həyat yaşayırlar. Tükənmiş ümidləri yenidən canlanır. İnsanlar planlar cızırlar. Orucluq çıxandan sonra hər yerdə toy-düyündür. Camaat yaşayır, özü də deyim ki, pis yaşamır. Bütün yaradıcılıq təxəyyülümə baxmayaraq, azərbaycanlıların 95 faizinin məhrumiyyət içərisində yaşadığına inana bilmərəm. Bu, gülməlidir.
Müasir ziyalılar haqqında
-Əylisdən baxarkən mən başa düşdüm ki, bu gün xalq arasına gedənlərin xalqa, xalqın da onlarla heç bir dəxli yoxdur. İndiki ziyalılar xalqdan uzaqlaşmışlar. Elə ziyalıların özləri də tamamilə parçalanmışlar və öz aralarında çəkişirlər. Xalqa xidmət idealları itirilir, bələkə də artıq itirilib. Kimsə daim tribunaya qalxır, kimsə sakitcə öz aləminə çəkilir və kimsə isə sadəcə olaraq, səssiz-səmirsiz çıxıb gedir. Bu yaxınlara qədər millətin vicdanı hesab edilən yazıcıların susması, - bu, bütün postsovet respublikalarına aiddir,- həyəcan təbilidir.
İndi bizim bütün həyatımız siyasiləşib, hərəyə öz yerini göstərir. Bəs yazıçının yeri haradadır? Mənə elə gəlir ki, yazıçı Allaha tapınaraq xalqla bir yerdə olmalıdır. Yəni, Allahı unutmadan xalqla birgə olmalıdır. Yazıçının yeri oradır.
Kitabların çoxalmasının, oxucuların isə azalmasının
səbəbi haqqında
- Zənnimcə, kitab həyatımızda getdikcə daha çox arxa plana keçir. Vaxtilə biz çox oxuyurduq və sevimli yazıçılardan, əsərlərdən ayrılmırdıq. İndi isə tamamilə başqa mənzərə müşahidə olunur: kitablar getdikcə çoxalır, oxucular isə azalır. Hara baxırsan İnternet, kompüter, televizordur. Bu, nəyi göstərir? İnsanın yorulduğunu, yoxsa, mədəniyyətin azaldığını? Əgər mədəniyyət azalırsa, deməli, yazıçıların, rəssamların yaradıcılığına maraq da azalır. Bu barədə mən nə düşünürəm? İnsan biliklərə kitab vasitəsilə yiyələnir. Həyat böyük əsərlərin sayəsində dərk edilir. Ən əvvəl söz, kəlam olub. İnsan internetə də söz vasitəsilə düşür. Amma, heyhat, cansız sözlə. Faciə bundan ibarətdir ki, mütaliəyə və mütaliə mədəniyyətinə məhəbbət tükənir. Bunun səbəbləri çoxdur, onlardan biri də ziyalıların mədəniyyətin hərəkətverici qüvvəsi, dəqiq desək, mücahidləri rolunu itirməsidir. Mən qorxuram ki, biz öz gələcək nəsillərimizə cansız, saf, yaxşı hisslərdən məhrum olan yoxsul bir mənəvi dünya qoyub gedəcəyik.
Rusiya və rus mədəniyyəti haqqında
- Rusiyanı böyük ideyaların böyük cəmiyyəti adlandırırdılar. Böyük ideyalara malik olan böyük xalq. İndi ideya - puldur. Bax, bütün bədbəxtlik də bundadır. Amerikanlaşmanı lap əvvəl avropalılar, Avropa yazıçıları, ağıllı adamlar görmüş və onu lənətləmişlər. Onlar bunu lənətləmişlər, biz isə indi bu murdarçılığın ağuşuna düşmüşük.
Zənn edirəm ki, biz, ilk növbədə, öz yaddaşımızdan ayrı düşməməliyik. Mən nəyi nəzərdə tuturam? Rusiya ilə bizim münasibətlərimiz mənim yaddaşımdadır. Axı, mənim çox-çox həmvətənlərim dünya mədəniyyətində rus dili vasitəsilə özünə yer tapmışdır. Bədii ədəbiyyata gəldikdə isə, biz vaxtilə mövcud olan köməyə çətin ki, ümid bəsləyə bilərik.
Rus dili mənim üçün hava kimidir. Əgər bu hava azalsa, nəfəs almaq çox çətin olacaq. Bu, mənim şəxsi fikrimdir, səmimi fikrimdir. Hətta Azərbaycanın ucqar kəndində belə mən bununla nəfəs alırdım, - məndə təkcə rus yazıçılarının kitabları deyil, Amerika yazıçılarının və başqalarının rus dilində kitabları da vardır. Bütün bunlardan əl çəksək, onda biz ancaq “Tarzanların” ümidinə qalacağıq və miskin bir ölkəyə çevriləcəyik.
Ən yaxşısı yazı masası arxasına keçməkdir
- Yazıçının yazı masası arxasında oturub yaradıcılıqla məşğul olmasına dəyərmi? İndiki nəslə və bizdən sonra gələnlərə kitab lazımdırmı? Lazımdır. Zəruridir. Bu dünyada ciddi yazıçıya yer yoxdur. Hələlik vaxt öz yerini tutmayıb. Dövr yetişməyib. Çoxları özlərini itirib, çoxları da hələ özlərinə gəlməyib.
Sözlər gəlir və vərəqlərə köçür. Mən nə üçün və kimin üçün yazıram? Kim eşidəcək? Əgər biz hər bir sözümüzün insanlara təsir edəcəyinə ümid bəsləməsəydik, onda, ümumiyyətlə, yazmaq lazım deyildir. Biz öz işimizi görürük, biz əkirik. Mən toxum əkmişəm, bitsə, xoşbətliyimdir. Bitməsə, başqası gəlib əkəcək və mütləq bitəcəkdir.
Söz yaşamalıdır, söz kömək etməlidir, söz nəfəs almalıdır. Vaxt böyük təbibdir, mən bu həyatda özümü yenidən tapmağa başlayıram. Özümü nədə tapmışam? Əməkdə. Yazı masası arxasında. Bəlkə də mənim sözüm kimisə xilas edəcək, kiməsə kömək edəcək, kiməsə təsəlli verəcək. Mən buna yenidən ümid edirəm.
Qayaz Alimov
Rimas KURTİNAYTİS:
BOYU İKİ METRDƏN HÜNDÜR OLAN OYUNÇULAR AXTARIRAM
Dünya şöhrətli ulduz Azərbaycanda basketbolu
qaldıracaqdır
Rimas Kurtinaytis Azərbaycan yığma komandasına başçılıq edir. Hələ bu yaxınlaradək bu xəbəri cəfəng zarafat sayar, ən azı kinayə ilə qəbul edərdilər. Amma reallıqdan qaça bilməzsən - olimpiya çempionu artıq üç aydır Bakıda işləyir.
- Rimas, siz Azərbaycana necə gəlib çıxmısınız?
- Mənimlə hələ yayda danışıqlar aparmağa başladılar. Mən də razılaşdım, Ona görə də durub gəldim, halbuki ölkə haqqında o qədər də məlumatım yox idi. Dostlarımdan bəziləri bu addımı nə üçün atdığımı indiyədək başa düşmürlər. Hərənin öz stereotipi var: Azərbaycan basketboldan çox futbol ölkəsidir. Bilirsinizmi, dərin kök salmış rəylərin əsiri olmağı sevmirəm. Azərbaycan idmançılarının səviyyəsi barədə ancaq 1980-ci illərə əsasən təsəvvürüm var, o vaxtlar Riqanın OİK komandasının tərkibində burada birinci dəstənin görüşündə oynamışdım. Həyat da, ətrafda olan hər şey də bizdən güclüdür. Avqustda buraya səfərim zamanı Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ilə görüşdüm. Çox məsələlərə toxunuldu. Azərbaycanda idmana xüsusi münasibət var. Əgər dövlət idmanın, o cümlədən də basketbolun inkişafını özünün prioritetlərindən biri sayırsa, deməli, digər bütün şərtlərə rəğmən, mənim imtina etməyə əsaslarım yox idi. Dəvət var, anlaşma var, dövlətin dəstəyi var. Axı, idmanın bu və ya digər növünün tərəqqisi üçün yüksək səviyyədə dəstək gərəkdir. Beləliklə də razılığa gəldik.
- Gördüklərinizdən aldığınız ilk təəssürat necə oldu?
- Heyrətləndirici oldu. Demə, Azərbaycan əla idman bazalarına malik imiş. Özü də dünya səviyyəli bazalara. Məşqçilik işinə gəldikdə, deməliyəm ki, əvvəlcə qayğılandım. Bütün şərtlər razılaşdırıldıqdan sonra mən Azərbaycanın ən yaxşı basketbolçularını nümunəvi matç üçün toplamağı xahiş etdim. Nə gizlədim, bundan sonra dərin düşüncələrə qərq oldum, nədən başlamağı, sadəcə olaraq, bilmirdim. Məşqlər üçün şərait idealdır: MOK məni dəstəkləyir, amma bir problem var - oyunçuların tərkibi.
- Bəs nədən başladınız?
- İlk öncə fiziki hazırlıq üzərində işləməyə başladım, basketbolçular tam iki ay ərzində ştanq qaldırmaqla və qaçışla məşğul oldular. Mən Cənubi Koreya futbolçularının sonuncu dünya çempionatındakı çıxışlarını həmişə misal gətirirəm, deyirəm ki, texnikaları çatışmayanda, bunun əvəzini bütün görüş ərzində ağlasığmaz pressinqlə çıxırdılar. Beləliklə, mən idmançıların fiziki hazırlığını yaxşılaşdırmaq və kollektiv oyunu təşkil etmək yolu ilə getdim.
- Bu, nə dərəcədə mümkün olur?
- İlk vaxtlar hərə özü üçün oynayırdı. Hərə nəyə qadir olduğunu göstərmək istəyirdi. Lakin mənə komanda və bizim bir kollektiv olduğumuzu başa düşmək lazımdır. Bu isə o deməkdir ki, əgər oyundaşım daha əlverişli mövqedədirsə, topu ona ötürməliyəm, kimin daha çox qələbə xalı toplaması vacib deyil. Başlıcası, komandanın qələbə qazanmasıdır. Gərək hər bir oyunçu başa düşsün ki, onun öz mövqeyində etdiyi komandaya müvəffəqiyyət gətirir. Həm də vacibdir ki, hər bir oyunçu anlasın: başqa birisi öz yerində bu işi təmin edir və ya komanda üçün lazım olanı yerinə yetirir.
- Siz artıq Avropa çempionatının qarşıdakı seçmə görüşləri barədə düşünürsünüz?
- Onların başlamasına hələ bir il var - bu, həm çox, həm də az vaxtdır. Püşk hələ atılmayıb, lakin Rusiya, Belarus və ya Ukrayna potensial rəqiblərimiz ola bilərlər. Elə götürək Rusiyanı. Onun basketbolunun səksən illik tarixi var. Buna baxmayaraq, əlbəttə, biz layiqincə oynamaq və qalib gəlmək istəyirik. Amma 80 il ilə bir ilin arasında böyük fərq var.
- Hər halda, həll etməyə çalışdığınız əsas problem nədən ibarətdir?
- Ucaboy oyunçuların olmaması problemini. İndi 17 yaşlı bir oğlan tapmışam, boyu 2 metr 21 santimetrdir, amma hələ “sütüldür”, buna görə də onu heyətə daxil edə bilmərəm, çünki “tapdalayarlar”. Hazırda oynayan ən hündür basketbolçunun boyu isə 1, 98 metrdir. Halbuki, başqa yığma komandaların hər birində boyu 2 metrdən uca olan beş basketbolçu var. Demək istəyirəm ki, mən avtomatlıya qarşı bıçaqla vuruşuram. Amma nə edəsən, işləmək lazımdır. Fərdi çatışmazlıqları komanda hərəkətləri ilə əvəz etmək olar. Oynayıb baxarıq, bundan sonra qələbələr də olar.
- Azərbaycan yığma komandasında işləməyin ilk məşqçilik təcrübələrindən biri olması sizi karıxdırmırmı?
- Bilirsinizmi, 1990-cı illərin əvvəllərindən başlayaraq, Litva yığma komandasının oyun strategiyasını mən, Sabonis və Marçyulyonis birlikdə hazırlayırdıq. Biz öz klublarımızdan yeni ideyalarla qayıdır və müəyyən model yaradırdıq. Bir sözlə, mənim məşqçilik vərdişlərim var. Bütün kitab nəzəriyyələrini öz üzərimdə sınaqdan çıxarmışam. Basketbol karyeram ərzində 10-dək klub dəyişmişəm və aparıcı mütəxəssislərin rəhbərliyi altında çıxış etmişəm. Elə təkcə Jelko Obradoviçin adını çəkmək kifayətdir, mən hələ Qomelskini demirəm. O illərdə yaşım 30-u keçmişdi və məşqçilərin göstərişlərini 20 yaşında olduğum dövrdəkindən daha yaxşı başa düşürdüm. NBA-nı götürün. Ayziya Tomas və Dok Rivers məşqçilik karyeralarına burada başlamışdılar -mən bu basketbolçulara qarşı oynamışdım. Məşqçi olmaqdan qorxmuram. Bir çoxlarından daha yaxşı bacardıqlarını istedadlı uşaqlara, basketbolun fədailərinə öyrətmək qəbahət deyildir. Bir də ki sən hər hansı bir komandanın taktikası barədə hər şeyi öyrənə bilərsən, amma mahiyyət əvvəlkitək qalır - qarşıdakı oyun haqqında təsəvvürünü öz yetirmələrinə öyrətməyi və arzu edilən nəticəyə nail olmağı bacarmaqdır.
-Siz qarşınıza nə kimi məqsədlər qoymusunuz?
-Elə bir komanda yaratmaq ki, yaxşı səviyyədə oynaya bilsin. Buna görə də ilk öncə basketbolçulara qaliblər psixologiyası aşılamaq lazımdır. Bu isə ancaq qələbə vasitəsilə gəlir. Elə rəqib seçmək gərəkdir ki, biz ona qalib gələ bilək və ya kiçik hesabla uduzaq. Komandanın təşəkkül tapması prosesi bir neçə il çəkəcəkdir.
-Siz Azərbaycanda nə qədər işləmək niyyətindəsiniz?
-Baxarıq. Mənim qarşıda, hər halda, ümidvaram, üç ilim var. Axı, bir mövsüm ərzində nə isə ciddi bir iş görmək əslində qeyri-realdır. Başqalarının 50 ildə nail olduğnu bir ildə etmək mümkün deyildir. Məsələn, İtaliya Avropa çempionu adına doğru on yeddi il yol getmişdir, halbuki, bu ölkə yaxşı basketbol ənənələrinə malikdir.
-Son illər basketbol çoxmu dəyişib?
-Cox şadam ki, oyun daha sürətli olmuşdur, onu sürətləndirmişlər. Yoxsa ki, son illər bir çox komandalar müdafiə variantına üstünlük verməyə başlamışdılar, bu modanın qanunvericiləri isə yuqoslavlar idi. Onlar əsas diqqəti topu özlərində saxlamağa və müdafiəni möhkəmlətməyə yönəldirdilər. Yox, oyun ehtiraslı olmalıdır.
Zəki Feyzullayev
* “İZVESTİYA”NIN ARAYIŞI
2002-ci il suveren Azərbaycanın idman tarixində ən uğurlu il olmuşdur. Cəmi 175 medal qazanılmışdır. Qeyri-olimpiya növlərində: 112 -bunların 41-ri qızıl, 23-ü gümüş, 48-i bürünc medaldır. Olimpiya növlərində: 63 - bunların 12-si qızıl, 22-si gümüş, 29-u bürünc mükafatdır.
Azərbaycan Afinada keçiriləcək 2004-cü ilin Olimpiyadasına artıq 2 iki vəsiqə qazanmışdır - ölkəni tapançadan atəş açmaqda İradə Haşımova, stend atıçılığında Zemfira Meftahəddinova təmsil edəcəklər.
YOLKA İTTİFAQDAN DAHA YAŞARLI OLDU
Həmişə bizimlə olan bayram
Hər bir xalqın əlamətdar tarixlərə və hadisələrə həsr olunmuş öz bayramları vardır. Hər bir ailənin də həmçinin. Lakin hamının sevdiyi və yolunu gözlədiyi bir bayram da vardır - bu, Yeni ildir. Azərbaycanda onu necə qarşılayırlar?
Lyudmila XOXLOVA
Sarsılmaz İttifaq Yeni ili özünəməxsus şəkildə, SSRİ sayağı- özünün xalis ateist ərazisində xristian bayramının əvəzolunmaz atributu olan milad yolkası ilə qarşılayırdı ki, bu da həmişəyaşar təlimin paradoksu idi. Yolka xalq üçün tiryək sayılan dinə heç bir aidiyyatı olmayan Yeni il rəmzi kimi qəbul edilirdi. Əksliklərin vəhdəti və mübarizəsi də, bax, elə budur.
Yolka İttifaqdan daha yaşarlı oldu.
Bakıda mağazaların vitrinlərində və bərbərxanalarda, bağ-bağçalarda, meydanlarda və bulvarlarda yaşıl gözəllər bərq vurur. Şaxta babalar da ki, onların yanında. Onlar Şaxta baba adlandırılsa da, nə şaxtadırlar, nə də baba. Azərbaycan neft sərmayələri ilə birgə Avropa bayramlarının atributlarını da eyni həvəslə qəbul etmişdir. Belə ki, indi hara baxsan gözünə başında qırmızı papaq, qara saqqalı bir təhər gizlədən ağ saqqallı Santa-Klauslar görəcəksən. Əgər Avropada Santa-Klauslar tək gəzirlərsə, Bakıda Müqəddəs Nikolay əsl kişi kimi yol yoldaşı Qar qızla gəzib dolaşır.
Onların hələ əshabələri də vardır. Yolkanın altında Qırmızı papağın, timsah Genanın yanında Cırtdan, Damdabaca, Kosa, Pəri və mütləq Mikki-Mauslar və Skruci Makdakilər qol-qola verib yallı gedirlər.
Elə də dindar olmayan avropalıların fikrincə, İsa Məsih dekabrın 25-də anadan olmuşdur, Nobellərin və Rotşildlərin ənənələrini davam etdirən neft Bakısında isə bir əsr bundan əvvəlki kimi, avropalıların sayı hesabı yoxdur, odur ki, bayrama hazırlıq Yeni ilə bir ay qalmışdan başlanır.
Qərbin bp, “Statoyl” və digər neft şirkətlərinin ofisləri önündə bayram əhval-ruhiyyəsi xüsusilə diqqəti cəlb edir.
Evlərdə yolkaları bayrama iki-üç gün qalmış bəzəyirlər. Hərə də öz zövqünə görə. Biri antresoldan köhnə polietilen “bitkini” çıxarır, kimi əsl yolka, kimi isə saxsı qabda gömgöy küknar alır. Satıcıların dediklərinə görə, onları nə üçünsə Dubaydan gətirirlər, hərçənd, Odessada da, Bakıda da bu qaçaqmalın haradan gəldiyini yaxşı bilirlər.
Məgər bu, vacibdirmi? Ən əsası narınginin və küknar ağacının uşaqlıqdan yadda qalan bihuşedici ətrinin bütün şəhərə, evlərə və mənzillərə yayılmasıdır. Qonaq otağında sadəlövh, sevimli dovşancığazları, səbətləri, buz sırsıralarını çoxdan əvəz etmiş bantlarla, şarlarla bəzədilmiş yolka qoyulmuşdur.
Bayramqabağı hazırlıq dekabrın 31-də axşam özünün ən yüksək həddinə gəlib çatır, telefon zəngləri ara vermir, “Həmişə təmizlikdə” filminin (onu yerli televiziya da göstərir) müşayiəti ilə ləyənlərdən salatlar, soyuducudan isə əvvəlcədən alınmış ləziz yeməklər çıxarılır, qəliz adları olan xarici şərablar və əlbəttə ki, “Sovetskoye şampanskoye” düzülür.
İçinə ləvəngi doldurulmuş kütüm isə bişməkdədir. Plov dəmdədir. “Plov” sözünün arxasında çox şey durur. Başqa yerlərdə hər hansı bir xörəyin qarniri olduğu halda, Azərbaycanda ərinmiş yağda şabalıd, ərik qurusu, kişmişlə birlikdə bişirilmiş qoyun əti, doldurulmuş toyuq, balıq, düyünün qarniri hesab olunur.
Evdar qadınlara bu fantastik xörəyin 40-dan artıq resepti məlumdur.
Şəkərbura, paxlava, şorqoğalı əvvəlcədən bişirilir. Dolmanı bir gün əvvəl hazırlayırlar ki, vaxtı gələndə onu “balaca qızdırsınlar”.
Budur, artıq süfrə açılıb, kefi kök olanlar Torqovıya çıxaraq, bir-birilərinin üstünə sintetik qar dənəcikləri, konfetti atırlar, taraqqalar işə düşür.
Saat 11-də mütləq evdə olmaq lazımdır ki, köhnə ili yola salıb, təzə ili qarşılayasan. Özü də, yeni ili iki dəfə qarşılayırlar - əvvəlcə Prezident Heydər Əliyevin təbrikindən sonra, yerli vaxtla saat 12-də, 1 saatdan sonra isə, ənənəyə sadiq qalaraq, Moskva vaxtı ilə, Prezident Vladimir Putinin təbrikindən sonra.
Beləliklə, şampan şərabı iki dəfə açılır: “Yeni ildə xoşbəxtlik və firavanlıq”, iki dəfə balkonlardan qadağan olunmuş Çin raketləri atılır, iki dəfə isti yemək verilir: “artıq dolma isinmişdir”, iki dəfə...
Təkcə balacalar, təəssüf ki, hədiyyələri yolkanın altından bircə dəfə alırlar.
Ümumiyyətlə isə, bakılılar qarı ən yaxşı Yeni il hədiyyəsi hesab edirlər. Təəssüf ki, bu, son 30 ildə yalnız bir dəfə olub.
Qalan şeylərdə isə hamıda olduğu kimidir - səhərə kimi yeyib-içirlər. Ya da, müəyyən vaxta qədər. Kim saat neçəyə qədər ayıq qala bilirsə. Bu, artıq adamdan asılıdır.
Yeni ilin ilk günündə səhər isə inkubatordakı kimi, hamıda eyni cür olur. Başına müsibət açılmış süfrədən yeməklərin qalıqları yığışdırılır, qadınlar qab-qaşığı yuduqları zaman kişilər səhər tezdən xaş yeyirlər. Xaş isə araqsız mümkün deyildir...
“İZVESTİYA”NIN AZƏRBAYCANCA-RUSCA
İZAHLI LÜĞƏTİ
Şaxta - moroz
Qar -sneq
Baba - deduşka
Qız - devuşka
Şaxta baba - Ded Moroz
Qar qız - Snequroçka
Yallı - nasionalnıy tanes
Cırtdan - Malçik -s-palçik mestnoqo proisxojdeniya
Damda - Baca - domovoy (ustar.). Barabaşka
Kosa - şut, no obyazatelno lısıy
Pəri - ona i yest Peri
Ləvəngi - naçinka iz molotıx qretskix orexov s pripravami, kotoroy farşiruyut rıbu ili ptitsu. Vkusno...
Dolma - qolubtsı iz baranini v vinoqradnıx listyax. Oçen vkusno.
Şəkərbura, paxlava, şorqoğalı - vostoçnıye sladosti. Potryasayuşe vkusno.
Torqovaya - dorevolyusionnoye nazvaniye ulitsı Nizami, mestnoqo Arbata.
Xaş - lyubimoye blyudo Mstislava Rostropoviça, Yuliya Qusmana, Pavla Lungina i vsex nastoyaşix mujçin. Po ix utverjdeniyu, vkusno do nepriliçiya.
X X X
Diaqram sözləri
Sənayenin (kənd təsərrüfatı, tikinti, nəqliyyat və sairə) xüsusi çəkisi
Neft sektorunun xüsusi çəkisi
X X X
“İzvestiya - Azərbaycan” səhifələrinin materialları “İntellekt” tədqiqat mərkəzinin (Azərbaycan) iştirakı ilə hazırlanmışdır.
“İzvestiya” qəzeti, 26 dekabr 2002-ci il