“Kapital Bank” "Mobil elektron imza" layihəsini təqdim edib
Bakı, 8 may, AZƏRTAC
“Kapital Bank” Azərbaycanda ilk dəfə "Mobil elektron imza" layihəsini təqdim edib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi ilə “Kapital Bank” arasında reallaşan "Mobil elektron imza" layihəsinin təqdimatı keçirilib. Bu layihə bank əməliyyatlarının rahat şəkildə aparılması ilə yanaşı, sənədlərin imzalama prosesinin sürətli, təhlükəsiz və elektron şəkildə həyata keçirilməsinə imkan yaradacaq.
Təqdimat mərasimində “Kapital Bank”ın İdarə Heyəti sədrinin müavini, baş informasiya inzibatçısı Nahid Zeynalov və Bank Məhsulları departamentinin direktoru İqbal Rüstəmov, həmçinin Məlumat Hesablama Mərkəzinin Marketinq şöbəsinin müdiri Ceyhun Məmmədov, Milli Sertifikat Xidmətləri Mərkəzinin müdir müavini Həbib Abbasov və digər qonaqlar iştirak edib.
“Ötən ilin sonunda “Kapital Bank”ın Müşahidə Şurası tərəfindən bankın 2018-2020-ci illər ərzində həyata keçəcək strateji planı təsdiqlənib. Strateji hədəflərdən ən mühümü rəqəmsal bankçılığa keçid ilə bağlı idi. İlin əvvəlində yeni BirBank tətbiqini müştərilərin ixtiyarına verdik. İlin sonunadək isə rəqəmsal filialımızın açılışını etməyi planlaşdırırıq. Bu gün təqdim edilən bu yenilik də rəqəmsal bankçılığa keçidin bariz nümunəsidir”, - deyə “Kapital Bank”ın İdarə Heyətinin sədrinin müavini, baş informasiya inzibatçısı Nahid Zeynalov bildirib.
Qeyd edək ki, "Mobil elektron imza" layihəsi çərçivəsində “Kapital Bank”ın müştəriləri qısa müddət ərzində "Mobil elektron imza" sertifikatlarına sahib ola biləcəklər. Belə ki, bankın səlahiyyətli əməkdaşı müştərini 5 dəqiqə ərzində mobil elektron imza ilə təmin edəcək.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.kapitalbank.az saytından, 196 Sorğu Mərkəzindən və ya Bankın müxtəlif sosial xidmətlərindən əldə etmək olar.