Kapoeyra üzrə Bakı kuboku yarışlarının qalibləri müəyyənləşib
Bakı, 2 noyabr, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində kapoeyra üzrə Bakı kuboku yarışları keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, yarışda 51 idmançı birincilik uğrunda mübarizə aparıb.
Yekun nəticələrə görə, oğlanlar arasında Murad Məmmədzadə (4-6 yaş), Dilqəm İsmayılov (7-9 yaş), Murad Əhmədov (10-12 yaş), Qalib Həsənov (13-16 yaş) və Cəlil Qəniyev (17 yaşdan yuxarı) qızıl medal qazanıblar.
Qızların mübarizəsində isə Ayan Lətifli (4-6 yaş), Aliyə Aslan (7-10 yaş) və Gülçöhrə Abbasova (11-13 yaş) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
İlk üç yeri tutmuş idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, medallar və xatirə hədiyyələri təqdim edilib.