“Karyeraya doğru”: Gəncədə üç ali məktəbin tələbələri təlimlərə cəlb olunublar
Gəncə, 22 may, AZƏRTAC
Təhsil Tələbə Krediti Fondunun təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində tələbələr üçün maarifləndirici infosessiya və iki günlük təlim proqramı təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin Tədrisin təşkili və idarə olunması sektorunun müdiri Sevinc Quliyeva çıxışında təlimin əhəmiyyətindən bəhs edib.
Fondun əməkdaşı Günay Xəlilova iştirakçılara təhsil tələbə kreditləri, müraciət prosedurları, kreditlərin verilmə mexanizmləri və ödəniş şərtləri barədə ətraflı məlumat verib.
İnteraktiv formatda keçirilən görüş zamanı tələbələrin sualları cavablandırılıb.
Bununla yanaşı, “Yumşaq bacarıqlar və əmək bazarına hazırlıq” layihəsi çərçivəsində təhsil tələbə kreditlərindən yararlanan Gəncə Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün “Karyeraya doğru: planlama, CV və müsahibə bacarıqları” mövzusunda təlim proqramı təşkil olunub.
Təlimçi Leyla Rəhimova tələbələrə karyera planlaması, əmək bazarının tələblərinin təhlili, peşəkar CV və motivasiya məktubunun hazırlanması, eləcə də uğurlu iş müsahibəsi bacarıqları ilə bağlı nəzəri və praktiki biliklər təqdim edib.
Tələbələr qrup işlərində, situasiya əsaslı tapşırıqlarda və müsahibə simulyasiyalarında fəal iştirak ediblər. Eyni zamanda, gənclər düzgün ünsiyyət və təqdimat bacarıqları, özünüifadə, peşəkar davranış qaydaları, həmçinin müsahibə zamanı qarşıya çıxan çətin situasiyaların idarə olunması ilə bağlı faydalı məlumatlar əldə ediblər.
İki günlük təlim proqramının sonunda iştirakçılara təşəkkürnamələr təqdim olunub.
Müxbir - Elcan Məmmədov