Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 2023-cü il üzrə elmi hesabatlar dinlənilib
Bakı, 4 noyabr, AZƏRTAC
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasında şöbə və laboratoriyalar üzrə elmi və elmi-təşkilati hesabatların dinlənilməsi başa çatıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Elmi şurada institutun baş direktoru akademik Dilqəm Tağıyev bildirib ki, cari ildə institutun elmi fəaliyyəti qənaətbəxş olub: “Bu il fundamental və tətbiqyönlü mühüm elmi nəticələr əldə edilib və həmin nəticələrdən bəhs edən məqalələr yüksək impakt faktorlu jurnallarda dərc olunub. Eyni zamanda, institutun beynəlxalq elmi əməkdaşlıq əlaqələri genişləndirilib, ixtisaslı kadrların hazırlanması, elmlə təhsilin inteqrasiyası istiqamətində əhəmiyyətli işlər görülüb”.
Akademik Əjdər Məcidov bildirib ki, polidentat hidrazon liqandları əsasında effektiv bakterisidlər, funqisidlər və xərçəng əleyhinə aktiv olan preparatlar sintez edilib, eyni zamanda, keçid metalların (Cu, Ni) kompleksləri əsasında bioloji aktiv maddələr və yüksək istilik keçiriciliyinə malik mikro/nano flüidlər hazırlanıb.
AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı qeyd edib ki, əməkdaşlar entropiya mühəndisliyi strategiyasına əsaslanmaqla sistemli tədqiqatlar nəticəsində argirodit ailəsi birləşmələri əsasında müxtəlif əvəzləməli bərk məhlullar alıb və onları xarakterizə edərək bu birləşmələr əsasında yüksək termoelektrik effektivliyinə və qarışıq ion-elektron keçiriciliyinə malik yeni ekoloji təhlükəsiz funksional materialların alınmasının mümkünlüyü nətcəsinə gəliblər.
Professor Nizami Zeynalov çıxışında tədqiqat işlərinin nəticəsi olaraq xitozan əsasında yüksək sorbsiya xüsusiyyətlərinə malik olan adsorbentin alındığını qeyd edib.
AMEA-nın müxbir üzvü Qüdrət Kəlbəliyev neft emulsiyalarının təmizlənməsi prosesləri üçün iki fərqli mexanizm işlənib-hazırlandığını və bu mexanizmlər əsasında müxtəlif neft emulsiyalarının təmizləndirilməsi və saflaşdırılması prosesləri üçün fərqli effektiv texnologiyalar yaratmaq təklif olunduğunu, professor Arif Heydərov tullantıların səmərəli idarə olunması istiqamətində Daşkəsən filiz hövzəsinin arsentərkibli tullantılarından arsenin tələbat həddinə qədər zərərsizləşdirilməsinin optimal şəraitinin tapıldığını, alınan nəticələrin ekologiya və ətraf mühitlə məşğul olan təşkilatlara təklif edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Sonra digər alimlər çıxış edərək aparılmış elmi-tədqiqatlar və onun nəticələrindən bəhs ediblər.