“Kazan Summit 2018”: Azərbaycan Rusiya ilə əməldaşlıq üzrə İƏT ölkələrinin ilk beşliyinə daxildir
Bakı, 11 may, AZƏRTAC
Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtında “Rusiya - İslam dünyası: Kazan Summit 2018” X yubiley beynəlxalq iqtisadi sammiti keçirilir. Sammitdə Azərbaycan da daxil olmaqla 50 ölkədən 3 mindən çox qonaq iştirak edir.
Plenar iclasla başlayan sammitdə Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, Tatarıstan Respublikasının dövlət müşaviri Mintimer Şaymiyev, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin, Dubay İslam Bankı qrupunun baş direktoru Adnan Çilvan, İslam İnkişaf Bankı qrupunun vitse-prezidenti Zamir İkbal və başqaları çıxış ediblər. Qeyd olunub ki, Qazaxıstan, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı İƏT-in Rusiya ilə əməkdaşlıq edən ölkələrinin ilk beşliyinə daxildir.
“Kazan Summit 2018” işgüzar proqramı çərçivəsində İslam maliyyələri və tərəfdaş bankinq, IT-startaplar, halal turizm, qadın və biznes, biznesin sosial məsuliyyəti, ictimai diplomatiya və digər mövzular müzakirə edilir.
Sammitin Azərbaycandan olan iştirakçısı - “Travel-Az” turizm agentliyinin nümayəndəsi Emin Ramazanov AZƏRTAC-a məlumat verib ki, sammit müxtəlif sahələrdə, o cümlədən turizm xidmətləri tədarükçüləri üçün qarşılıqlı əlaqələr və tərəfdaş axtarışı baxımından çox gözəl platformadır. Bu baxımdan Azərbaycanda nisbətən yeni, lakin sürətlə populyarlıq qazanmış turizm istiqaməti halal turizmdir, axı, ölkə öz görməli yerləri, parkları, şəhərin gözəl memarlığı ilə turistləri cəlb edir və İslam dininə etiqad edən turistlərin burada rahat qalmaları üçün hər cür şərait yaradılıb.
Beynəlxalq sammitin meydançasında İƏT ölkələri Gənc Diplomatlarının Forumu, İƏT ölkələri Gənc Sahibkarlarının IV Kazan Forumu, “Kazan Fashion 2018” Dizaynerlər Festivalı, İslam Dünyası Xalqlarının Mətbəx Festivalı keçirilir, “Russia Halal Expo” və “Invest Expo” ekspozisiyaları təqdim edilib.
“Kazan Summit” Rusiya Federasiyası və İslam dünyası ölkələrinin qarşılıqlı iqtisadi əlaqələrinin əsas meydançasıdır. Rusiya və İslam Əməkdaşlıq Təşkilatının iştirakçı ölkələrinin Birinci Beynəlxalq İqtisadi Sammiti 2009-cu ildə keçirilib. Sammit əməkdaşlıq məsələlərinin müzakirəsi və birgə layihələrin reallaşdırılması üçün beynəlxalq platforma yaradıb. 2018-ci il sammitinin əsas mövzusu halal həyat tərzidir.