Kazanda “Azərbaycanın faşizm üzərində Qələbəyə töhfəsi” kitabı təqdim edilib
Bakı, 1 dekabr, AZƏRTAC
Kazandakı “Mətbuat evi”nin bərpa olunmuş tarixi binasındakı “Tukay” konfrans zalında “Azərbaycanın faşizm üzərində Qələbəyə töhfəsi” kitabının müəllifi Qasım Kərimovun iştirakı ilə həmin kitabın təntənəli təqdimat mərasimi keçirilib. Tədbirdə Tatarıstanın məşhur yazıçıları, alimlər, görkəmli mədəniyyət xadimləri, Rusiyanın Moskva vilayətindən başlamış Kurska qədər müxtəlif regionlarından gəlmiş qonaqlar, həmçinin Tatarıstan şəhərlərindəki Azərbaycan diasporlarının rəhbərləri iştirak ediblər.
AZƏRTAC “Tatarıstan” ictimai birliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbir çərçivəsində Sovet İttifaqı qəhrəmanları haqqında sənədli film nümayiş etdirilib, təbrik nitqləri söylənib, qonaqlara təqdimatı keçirilən kitabın nüsxələri təqdim olunub.
“Azərbaycanın faşizm üzərində Qələbəyə töhfəsi” kitabı müəllifin İkinci Dünya müharibəsində Qələbəyə azərbaycanlıların töhfəsi haqqında çoxsaylı sanballı materialların toplandığı ikinci əsəridir.
Kitabın müəllifi Qasım Kərimov ictimai xadim, Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyasının (“RARA”) Əlaqələndirmə şurasının həmsədri, “Kursk şəhəri azərbaycanlılarının milli-mədəni assosiasiyası” ictimai təşkilatının rəhbəri, Kursk Cənub-Qərb Dövlət Universitetinin dosenti, çoxsaylı kitabların, o cümlədən Qələbənin 75 illiyində Kurskda nəşr edilmiş “Azərbaycanlılar Böyük Vətən müharibəsi illərində” kitabının müəllifidir.
Qasım Kərimov tədbirdə çıxış edərək Tatarıstan Respublikasının Leninoqorsk şəhəri və Leninoqorsk rayonundakı “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının rəhbəri Ramiz Məmmədova bu kitabın Kazanda təqdimatının təşkilinə görə dərin təşəkkürünü bildirib.
Müəllifin sözlərinə görə, bu kitabı yaratmağa onu ruhlandıran - sovet təyyarəçisi 1943-cü ildə düşmənin qırıcı təyyarəsini məhv edərkən hava döyüşündə həlak olmuş Cahangir Bağırovun qəhrəmanlığı olub.
Qasım Kərimov vurğulayıb ki, faşizm üzərində Qələbənin 80 illiyində, yəni 2025-ci ildə onun bu mövzuya həsr edilmiş üçüncü kitabının nəşri planlaşdırılır.
Tatarıstan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru, professor, Rusiya Federasiyasının və Tatarıstan Respublikasının Əməkdar elm xadimi, Tatarıstan Respublikasının Elm və texnika sahəsində Dövlət Mükafatı laureatı İndus Tahirov təqdimat mərasimini yüksək qiymətləndirərək deyib ki, azərbaycanlılar və tatarlar bir-birinə ən yaxın xalqlar, faşizm üzərində Qələbə uğrunda mübarizənin ən fəal iştirakçılarıdır.
Akademik İndus Tahirov vurğulayıb: “Kitab çoxu indiyə qədər elmi ictimaiyyətə məlum olmayan inandırıcı faktlar əsasında yazılıb. Burada arxa və ön cəbhə vahid orqanizm kimi təsvir edilib. Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş döyüşçülərin və Sosialist Əməyi Qəhrəmanı adı almış arxa cəbhə əməkçilərinin adları çəkilir. Burada partizan hərəkatında fəal iştirak etmiş kişilər və qadınlar xatırlanır. Düşmənin Qafqazı, xüsusən o vaxt ölkədə bütün neftin 80 faizdən çoxunun hasil edildiyi Azərbaycanı ələ keçirmək üçün necə canfəşanlıq etdiyi məlum faktdır. Lakin xalqın mərdliyi və inadkarlığı sayəsində düşmənin bu arzusu ürəyində qaldı. Azərbaycan dözüb dayandı və faşizm üzərində Qələbəyə dəyərli töhfəsini verdi”.
Daha sonra “Tatarıstan Respublikasının Veteranlar İttifaqı” respublika veteranlar və əlillər ictimai təşkilatı sədrinin müavini Aleksandr Polyakov, tarix elmləri doktoru Engel Tahirov və başqaları çıxış edərək azərbaycanlılarla tatarların sıx əlaqələrini, habelə İkinci Dünya müharibəsində Qələbənin təmin olunmasında Bakı neftinin rolunu vurğuladılar.
Tədbirin sonunda qonaqlara suvenirlər və Qasım Kərimovun avtoqrafı ilə “Azərbaycanın faşizm üzərində Qələbəyə töhfəsi” kitabının nüsxələri təqdim edildi.