Kazanda yazı tarıxinə həsr olunmuş beynəlxalq konfransda alimlərimizin məruzələri dinlənilib
Bakı, 21 oktyabr, AZƏRTAC
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və Əlyazmaların elektron resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Nəcəfova Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazanda keçirilən “Avropa sivilizasiyasının yazı tarixi və Rusiya xalqlarının yazı mədəniyyəti” mövzusunda beynəlxalq elmi konfransda iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Rusiya Federasiyasının subyektləri və MDB məkanından olan görkəmli mətnşünas, mənbəşünas, dilçi, arxeoqraf və kitabşünaslarının dəvət aldığı bu konfransın plenar iclasında Əzizağa Nəcəfzadə “Ərəb yazı sisteminin türk-Azərbaycan sivilizasiyası tarixində sosial-mədəni rolu” mövzusunda, “Ərəb qrafikalı yazılı mənbələr” adlı bölmə iclasında isə dosent Aynur Nəcəfova “Tatar ədəbiyyatının klassikləri Anna Axmatovanın tərcümələrində” mövzusunda məruzə ediblər. Məruzələr konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, məruzəçilər onlara ünvanlanan sualları cavablandırıblar. Hər iki alim konfransda beynəlxalq sertifikatla təltif olunub.
Əlyazmalar İnstitutunun alimləri konfrans çərçivəsində Tatarıstan Respublikası Milli Kitabxanasının Sərgi zalında təşkil olunmuş və orijinal yazılı abidələrin təqdim olunduğu “Avropa və Şərq sivilizasiyasının yazı tarixi” adlı unikal sərgi və Kazan (Volqaboyu) Federal Universitetinin N.İ.Lobaçevski adına Elmi Kitabxanasının Əlyazmalar və nadir kitablar şöbəsinin qiymətli kitablar kolleksiyası ilə tanış olublar.