REGİONLAR
Keçən il Göygöl rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı 12 faiz artıb
Göygöl, 8 fevral, Rauf Hacıyev, AZƏRTAC
Keçən il Göygöl rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı əvvəlki ilə nisbətən 12 faiz artaraq 208,3 milyon manata çatıb.
Göygöl Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, istehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən dəyəri 3227,5 manat təşkil edib.
Məhsul və xidmətlərin 71,9 faizi istehsal sahələrinin, 28,1 faizi isə xidmət sahələrinin payına düşüb. Məhsul və xidmətlərin 61,3 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 52,7 milyon manatı ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 42 milyon manatı tikintidə, 46,4 milyon manatı sənayedə, 5 milyon manatı nəqliyyat və anbar təsərrüfatı, 0,9 milyon manatı isə informasiya və rabitə sahələrində olub.
Əvvəlki illə müqayisədə məhsul istehsalı sənaye sahəsində 40,7 faiz, informasiya və rabitə xidmətləri sahələrində 8,3 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 4,9 faiz, tikintidə 30,2 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 0,1 faiz artıb, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində isə sabit qalıb.
Məhsul buraxılışının 29,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 25,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrinin, 20,2 faizi tikinti sahəsinin, 22,3 faizi sənayenin, 2,4 faizi nəqliyyat və anbar təsərrüfatının, 0,4 faizi isə informasiya və rabitə sahələrinin payına düşüb.