Keçmiş əsir düşərgəsində uşaqlıqdan məhrum edilmişlərin memorialı açılıb
Berlin, 8 may, AZƏRTAC
Mayın 8-də Aşağı Saksoniyada, keçmiş Bergen-Belzen əsir düşərgəsi ərazisində ilk dəfə məhbus uşaqlardan danışan memorialın açılış mərasimi olub. AZƏRTAC xəbər verir ki, uşaqların taleyinə həsr olunmuş ekspozisiya “Uşaqlar Bergen-Belzen əsir düşərgəsində“ adlanır.
Anna Frank 15 yaşında Bergen-Belzen əsir düşərgəsində ölüb. Onun dünya şöhrətli gündəliyi Holokost dəhşətlərindən danışır. Həmin gündəlikdə Anna gizli sığınacaqda keçirdiyi gündüz və gecələrini təsvir edib. Amma biz onun ölüm düşərgəsində keçirdiyi günlər barədə heç nə bilmirik. Əsir düşərgəsində uşaqlar az tədqiq edilmiş mövzudur. Uşaqların, demək olar, oradan sağ çıxmaq imkanı olmayıb. Nasistlər onları dərhal öldürürmüşlər. Bu uşaqların az qisminə sağ qalmaq səadəti nəsib olub.
Əsir uşaqlar bütün dünyadakı uşaqların etdiklərini edirdilər: adətən uşaqlar ətrafda gördüklərini öz oyunlarında canlandırırlar. Düşərgədəki uşaqlar nasist- yəhudi oyunu oynayır, baraklarının yanındakı meyitləri sayırmışlar. İnsanların meyitləri üst-üstə qalandığı üçün uşaqlar tez-tez sayı itirirmişlər.
Bu gün bizim sərəncamımızda çox dəyərli material var: sağ qalmış 120 uşaqla müsahibə. Müsahibələrdə uşaqların düşərgədə necə yaşadıqlarından danışılır. Təsvir edilən epizodlardan birində ata uşaqlarının yanında ölür. Keçmiş məhbuslar necə aclıq çəkdiklərindən, nəyə ümid bəslədiklərindən danışırlar.
Henriyette Hamburger adlı körpə qızcığaz düşərgədə öləndə cəmi on aylıq olub. Bu fotoşəkildə o, fotoqrafa baxıb gülümsəyir. Bu, onun ailəsində qalan yeganə şəkildir. Şəklə baxan adamın tükləri biz-biz olur.
Yeni ekspozisiya Bergen-Belzen düşərgəsində öldürülən təqribən 600 uşağın həyat tarixçəsidir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin