Kəlbəcər və Laçında işləyəcək qrupların üzvləri mina və partlamamış hərbi sursatlar barədə təlimatlandırılıb
Göygöl, 6 avqust, Rauf Hacıyev, AZƏRTAC
Avqustun 6-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Göygöldəki bazasında mina və partladıcı sursatlar, eləcə də təhlükəsizlik tədbirlərinə dair təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, təlimin məqsədi Kəlbəcər və Laçın rayonlarında hüdudların, torpaq balansının müəyyən edilməsi, infrastrukturun yaradılması, o cümlədən digər layihələrin hazırlanmasında iştirak edən dövlət strukturlarından cəlb olunmuş işçi qrupların üzvlərini peşə fəaliyyətlərinin icrası zamanı qarşılaşa biləcəkləri mina və partlamamış hərbi sursatların təhlükəsi haqqında əvvəlcədən xəbərdar etmək, təhlükəli ərazilərdə davranış qaydaları, həmçinin minalanmış ərazilər haqqında xəbər vermək və digər mövzular barədə məlumatlandırmaqdır.
Təlimdə çıxış edən ANAMA-nın Əməliyyat idarəsinin, təlim və keyfiyyətə təminat şöbəsinin baş mütəxəssisi Musa Məmmədov qrup üzvlərinə əyani vasitələr əsasında ətraflı məlumat verib.
Bildirilib ki, ötən il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ermənistanın 30 illik işğalına son qoyaraq Qarabağı azad edib. Bu gün həmin torpaqlara öz sahibləri, Azərbaycan Ordusu nəzarət etsə də, işğaldan azad edilmiş ərazilərdə düşmənin gözə görünməyən təhlükəsi - minalanmış, yaxud partlamamış hərbi sursatlarların təhlükəsi hələ də qalmaqdadır.
Aidiyyəti qurumların xəbərdarlıqlarına baxmayaraq, işğaldan azad edilmiş şəhər və kəndlərin sakinlərinin ata-baba yurdlarına qanunsuz keçmək cəhdləri həmin insanların ya həyatını itirməsi, ya da ömürlük şikəst qalması ilə nəticələnir.
Bu məqsədlə ANAMA əməkdaşları işğaldan azad edilmiş ərazilərdə mina təmizləmə işlərini intensiv həyata keçirməklə yanaşı, keçmiş təmas xəttinə, yaxud həmin rayonlara yaxın yerlərdə yaşayan sakinlərə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa, eləcə də iqtisadi fəaliyyətlə məşğul olan şəxslərə maarifləndirici təlimlərini davam etdirirlər.
Təlim zamanı iştirakçılar piyada və tank əleyhinə minalar, onların görünüşü, növləri, istifadə məqsədləri, dağıdıcı təsir gücü, təhlükəlilik dərəcəsi, həmçinin partlamamış sursatlar haqqında maarifləndiriliblər.
Təlimdə, həmçinin mina və partlamamış sursatların olduğu ərazilərdə təhlükəsiz hərəkət imkanları, bədbəxt hadisələr zamanı baş vermiş faciənin nəticəsinin qismən qarşısının alınması üçün həyata keçirilməsi mümkün olan tədbirlər haqqında məlumat verilib.
Vurğulanıb ki, mina və partlamamış sursat təhlükəsi olan əraziyə daxil olan heç kim əvvəlcədən müəyyən edilmiş marşrutdan kənara çıxmamalı, səfər və peşə fəaliyyətini həyata keçirən zaman xəbərdaredici nişanlar olan əraziyə, qapalı obyektlərə daxil olmamalı, qarşısına çıxan, diqqətini çəkən əşyalara toxunmamalı və yalnız ANAMA əməkdaşlarının nəzarəti altında öz fəaliyyətlərini həyata keçirməlidirlər.
Sonda qrup üzvlərinin sualları cavablandırılıb, hər bir qrup üzvünə təlimat kitabçası və maarifləndirici vasitələr paylanılıb.