İDMAN
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları arasında stolüstü tennis turniri keçirilir
Bakı, 1 fevral, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları arasında stolüstü tennis turniri start götürüb.
Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) AZƏRTAC-a bildiriblər ki, aqrar sahədə çalışan əməkdaşlar arasında yarış Azərbaycan Gəncləri Gününə həsr olunub. Turnir Kənd Təsərrüfatı Nazirliyi, ASTF və Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir. Stolüstü Tennis Federasiyasının böyük zalında keçirilən oyunlar beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə edilir.
İki gün ərzində davam edəcək yarışın final oyunu fevralın 2-də olacaq.
Çempionatda ilk üç yeri tutanlara və ən yaxşı qadın iştirakçısı nominasiyası üzrə qalib gələnlərə fəxri fərman, pul mükafatı və hədiyyələr təqdim ediləcək.