Kətan parçada elektrik yükü olmur
Bakı, 2 mart, AZƏRTAC
Hər kəs müxtəlif vaxtlarda kiminləsə salamlaşarkən, avtomobilin qapısını açarkən və yaxud hər hansı bir əşyaya toxunan zaman sanki onu elektrik vururmuş kimi bir hiss yaşayır. Fiziklərin dediyinə görə, həmin proses əslində hamıda baş verir. Bəziləri daha çox elektriklənir, bəziləri isə az. Bu hər kəsin bədənində elektrik yükü həcminə görə izah olunur. Məsələn, elə adam var ki, sintetik paltarlar geyinir, sintetik aksesuarlardan istifadə edir, lakin bu hal baş vermir. Elə adamlar da var ki, sintetik köynək geyinən kimi hətta adi əşyaya toxunanda belə sanki cərəyan vurur.
AZƏRTAC xəbər verir ki, həkim-terapevt Yeganə Cəfərova deyib: “Elektrikləşmə heç bir xəstəliyə səbəb olmur. Müxtəlif fiqurlu cisimlərin, sintetik parça və materialların üzərində elektrik yükü var. Elektrikləşmə də məhz həmin yükün hesabına baş verir”.
Onun dediyinə görə, həmin hallarla tez-tez rastlaşanlar evin havasının yüngül və nəm olmasına çalışmalıdırlar. Nəm hava üçün dibçəkdə çiçək saxlamaq, nəm əski ilə evdə təmizlik işləri görmək, evi vaxtlı-vaxtında havalandırmaq lazımdır. Evdəki temperatur imkan verirsə, ayaqyalın gəzmək də məsləhətdir.
Kətan parçada elektrik yükü olmur. Ona görə də mütəxəssislər geyimdə kətan materiallarına üstünlük verməyi tövsiyə edirlər.