KEYTİ MELUA SUYUN ALTINDA KONSERT VERMİŞDİR
Ginnessin Rekordlar Kitabının nümayəndələri təsdiq etmişlər ki, bu nailiyyət ən dərin sularda konsert kimi qeyd olunacaqdır.
Konsertdən əvvəl Keyti və onun ansamblının musiqiçiləri tibbi müayinədən keçmişlər, konsert ərəfəsində isə onlara qəza vəziyyətində necə hərəkət etməyi öyrətmişlər. Müğənninin sözlərinə görə, onlar platformanın əsas hissəsindən şaxtanın dibinə doqquz dəqiqəyə enmişlər.
22 yaşlı müğənni Böyük Britaniyanın ən məşhur ifaçılarından sayılır.
Avropanın ən böyük dəniz platformasında konsertin tamaşaçıları neftçilər və Ginnessin Rekordlar Kitabının nümayəndələri olmuşlar. Konserti Norveçin NRK telekanalı yayımlamışdır.
Müğənninin əsil adı Ketevan Meluadır. O, Gürcüstanın Kutaisi şəhərində cərrah-kardioloq ailəsində dünyaya gəlmişdir. Keytinin 9 yaşı olanda ailəsi Şimali İrlandiyaya köçmüşdür. Orada Meluanın atası nüfuzlu “Royal Viktoriya” xəstəxanasında vəzifə almışdır.
Keyti Melua 15 yaşından çoxsaylı musiqi müsabiqələrində qalib gəlmişdir. İlk albomu - Call Off the Search-2003-cü ilin noyabrında buraxılmış və Britaniya hit-paradının ən yüksək pilləsinə qalxmışdır. 2005-ci ilin sentyabrında çıxan ikinçi albomu - Piece by Piece ölkədə ən çox satılan albom olmuşdur.