“Kibar Holdinq”in “Assan Panel” şirkətinin nümayəndələri STP-də tərəfdaşları ilə görüşüblər
Sumqayıt, 18 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Kimya Sənaye Parkının rezidenti - Sumqayıt Texnologiyalar Parkının tərəfdaşlarından olan Türkiyə nəhəngi “Kibar Holdinq”in “Assan Panel” şirkətinin nümayəndələri “Assan-STP Panel” birgə müəssisəsinin işçi heyəti ilə görüşüb.
STP-dən AZƏRTAC-a bildirilib ki, görüşdə işçi heyətinə “Kibar Holdinq” ailəsi və “Assan Panel” şirkəti haqqında ətraflı məlumatla yanaşı, “Assan-STP Panel” şirkətinin yaxın gələcək üçün planları barədə də məlumat verilib. Şirkətin əsas hədəflərinin qısa zamanda məhsul çeşidini artırmaq, keyfiyyət göstəricisi olan sertifikatlar əldə etmək, yerli satış və ixracı artırmaq olduğu bildirilib.
Qeyd edək ki, STP və Türkiyənin iri sənaye qrupu olan “Kibar Holdinq”ə aid “Assan Panel Sənaye və Ticarət A.Ş.” (Assan Panel) 2020-ci ildə əməkdaşlıq danışıqlarına başlayıb və 2021-ci ildə bu danışıqlar birgə müəssisə yaratmağı nəzərdə tutan müqavilə ilə nəticələnib. 2021-ci ilin mayında artıq STP-nin Sendviç Panelləri zavodunun bazasında “Assan-STP Panel” birgə müəssisəsi təsis edilib.
“Hyundai”, “Turkish Airlines”, “Posco” və digər nəhəng beynəlxalq şirkətlərlə birgə müəssisələr qurmuş “Kibar Holdinq”ə alüminium, avtomobil, qida və neft-qaz kimi bir çox sektorda fəaliyyət göstərən şirkətlər daxildir. Həmin şirkətlərindən biri olan “Assan Panel” Avropa, Yaxın Şərq, Orta Asiya və Afrika daxil olmaqla, ümumilikdə, 85 ölkəyə ixrac həyata keçirir.