Kiber Hücumların Simulyasiyası Laboratoriyasında 2 aylıq təcrübə proqramı başlayır
Bakı, 19 avqust, AZƏRTAC
Kiber Hücumların Simulyasiyası Laboratoriyasında 2 aylıq təcrübə proqramı başlayır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Məlumat Hesablama Mərkəzinin (MHM) nəzdində fəaliyyət göstərən Kiber Hücumların Simulyasiyası Laboratoriyası tərəfindən elan edilən təcrübə proqramına seçimlər başa çatıb. Qeydiyyatdan keçən 400-ə yaxın namizəddən müsahibə əsasında 30 nəfər seçilərək təlimlərdə iştirak hüququ qazanıb.
Seçilən namizədlərlə MHM-nin rəhbərliyi arasında keçirilən görüşdə təcrübəçilər üçün yaradılan şərait haqqında məlumat verilib, onlardan gözlənilən hədəflər diqqətə çatdırılıb. Bildirilib ki, dünyada, o cümlədən ölkəmizdə kibertəhlükəsizlik ən aktual məsələyə çevrildiyinə görə yerli mütəxəssislərin hazırlanması, onların peşə vərdişlərinin təkmilləşdirilməsi Mərkəz üçün prioritetlərdəndir.
İştirakçılar bildiriblər ki, mentorların köməyi və yaradılan iş mühiti onların kibertəhlükəsizlik üzrə mütəxəssis kimi yetişməsində mühüm rol oynayacaq, biri-biriləri ilə bilik mübadiləsi aparacaqlar. İştirakçılar əsasən kiberhücumların simulyasiyası ilə bağlı praktiki biliklərə yiyələnməklə yanaşı vaxtın idarə edilməsi, effektiv komanda işi kimi bacarıqların formalaşdırılması təlimlərində də iştirak edəcəklər.
Qeyd edək ki, Azərbaycanın İKT yönümlü ilk qurumlarından olan Məlumat Hesablama Mərkəzi (MHM) 1974-cü ildə fəaliyyətə başlayıb. Qurum ölkəmizdə Data Analiz və Smart həllərin ilkin mərhələlərinin formalaşmasında bünövrə rolu oynayıb.
ISO 9001:2015 beynəlxalq keyfiyyət sertifikatına malik MHM ölkə əhəmiyyətli bir neçə layihənin texniki operatorudur. Mərkəz Elektron İmza, Bilinq sistemi, Açıq Məlumatlar portalı, Mobil Cihazların Qeydiyyatı Sistemi, “AzDataCom” şəbəkəsi, “Smartpay” ödəmə sistemi və sair kimi rəqəmsal xidmətlər göstərir.
Ölkəmizin rəqəmsal transformasiyası, virtual müstəvidə güclənməsi, həmçinin yüksək texnologiyaların tədqiqi və tətbiqi qurumun strateji hədəfidir.
Məlumat Hesablama Mərkəzi haqqında daha ətraflı məlumatı “rabita.az” saytından əldə edə bilərsiniz.