Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir
Laçın, 26 avqust, AZƏRTAC
Ölkəmizdə kinofestivalların keçirilməsi Kino Agentliyinin əsas prioritetlərindəndir. Çünki bu, ümumi kino ictimaiyyətimizin inkişafına birbaşa təsir göstərir. Eyni zamanda, Azərbaycan kinosunun dünya kino xəritəsində yerini möhkəmləndirməsinə imkan yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında Kino Agentliyinin direktoru Rəşad Əzizov deyib.
O bildirib ki, hazırda Mədəniyyət Nazirliyi ilə əlaqəli fəaliyyət göstərən Kino Agentliyinin əsas məqsədlərindən biri Azərbaycan kinosunun mövcud məhdudiyyətlərdən kənara çıxmasını təmin etməkdir:“Bu, filmlərimizin beynəlxalq səviyyədə yayımı, festivallarda iştirakı və xarici mütəxəssislərin Azərbaycana dəvət olunması istiqamətlərini əhatə edir. Bütün bunlar kino siyasətimizin əsas məqsədləri çərçivəsində həyata keçirilir və ümumilikdə ölkəmizdə aparılan mədəniyyət siyasəti ilə əlaqələndirilir”.
Kino Agentliyinin direktoru, həmçinin diqqətə çatdırıb ki, Beynəlxalq Film Festivalının Qarabağda və Şərqi Zəngəzurda ilk dəfə keçirilməsi çox vacibdir. “Ümid edirik ki, bu kinofestival gələcəkdə Qarabağda yerli mütəxəssisləri mütəmadi olaraq bir araya gətirəcək, eyni zamanda, beynəlxalq və regional səviyyədə yeni kino platformasına çevriləcək”,- deyə R.Əzizov əlavə edib.
Müxbir - Fidan Əlizadə