Kir Starmer Ruandaya deportasiya planının icrasını dayandırır
Bakı, 6 iyul, AZƏRTAC
Böyük Britaniyanın yeni seçilmiş Baş naziri Kir Starmer vəzifəsinin ilk günündə əvvəlki hökumətin mübahisəli Ruandaya deportasiya planının icrasını dayandırıb.
AZƏRTAC xəbər verir ki, “The Telegraph” qəzetinin cümə günü axşam saatlarında insayderlərə istinadla yaydığı məlumata görə, bu layihə “faktiki olaraq ölüdür”. Kir Starmer bu addımın atılacağı vədini seçki kampaniyası zamanı vermişdi.
Starmerin partiyası cümə axşamı keçirilən parlament seçkilərində böyük fərqlə qalib gəlib. Ölkədə bir neçə saat ərzində hakimiyyət dəyişikliyi baş verib. Qanunsuz miqrasiya yeni hökumət üçün prioritet məsələdir. Son illər Böyük Britaniyaya on minlərlə miqrant gəlib. Onlar tez-tez kiçik qayıqlarla La-Manş boğazı boyunca riskli marşrutla hərəkət edirlər. Yeni daxili işlər naziri İvett Kuper cümə günü hökumətin ilk prioritetlərindən birinin sərhəd təhlükəsizliyini təmin etmək olacağını bəyan edib.

Ruandaya qeyri-qanuni miqrantların göndərilməsi planları ilk dəfə Boris Consonun Mühafizəkar hökuməti dövründə müzakirə edilib. Bunun müqabilində Afrika ölkəsi Londondan pul almalıdır. Ötən ilin sonunda Rişi Sunak hökuməti Ruanda ilə müqavilə imzalayıb. “The Telegraph”ın daha sonra yazdığı kimi, Britaniya hökuməti bu müqaviləni ləğv edəcək və dərhal həmin ölkəyə ödənişləri dayandıracaq.
Qəzetin məlumatına görə, İngiltərə planla bağlı qanunun qüvvəyə mindiyi gündən Ruandaya 270 milyon funt-sterlinq (345 milyon dollar) köçürüb. Lakin bu ölkəyə indiyədək heç bir miqrant göndərilməyib.