Kitablar tozlanmasın - kitab qoy, kitab götür
Naxçıvan, 21 dekabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy, kitab götür” layihəsinin təbliğat kampaniyası olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə Naxçıvan Dövlət Universitetinin elmi katibi Məftun İsmayılov çıxış edərək tədbirin mahiyyəti haqqında məlumat verib. Sonra Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov muxtar respublikada həyata keçirilən gənclər siyasətindən, həmçinin gənclərə göstərilən diqqət və qayğıdan, yaradılan şəraitdən danışıb.
Bildirilib ki, təbliğat kampaniyasında oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin yer aldığı 100 bədii kitab gənclərin istifadəsinə verilib. Layihənin keçirilməsində məqsəd gənc nəsildə vətənpərvərlik, tarixə, milli köklərə bağlılığın formalaşdırılması, onların kənar təsirlərdən qorunması üçün dünyagörüşlərinin zənginləşdirilməsi, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərinin, mütaliə vərdişlərinin aşılanmasıdır.
“Kitablar tozlanmasın” devizi altında “Kitab qoy, kitab götür” layihəsinə bu il iyulun 20-də Naxçıvan şəhərində yerləşən “Zirvə” kitab evində start verilib. Eyni zamanda, Gənclər və İdman Nazirliyində ayrılmış bir guşədə də layihə davam etdirilməkdədir.
Gənclərə məlumat verildikdən sonra onlar özləri ilə gətirdikləri kitabları yeniləri ilə dəyişdiriblər.
Təbliğat kampaniyası muxtar respublikanın rayon və şəhərlərində, həmçinin digər ali və orta ixtisas təhsili müəssisələrində davam etdiriləcək.
Kampaniya Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.