Kitabxana uşaq rəssam müsabiqəsində uğurla iştirak edib
Bakı, 3 may, AZƏRTAC
Mirzə Şəfi Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasında Moskvada keçirilən uşaq rəsm müsabiqəsində qalib gəlmiş gənc rəssamlarla görüş keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görüşdə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova müsabiqə haqqında məlumat verib. Qeyd edib ki, 1943-cü ildən başlayaraq hər il mart ayının sonunda Moskvada keçirilən bu müsabiqə artıq ənənəyə çevrilib. 2019-cu ilin yazıçı-yubilyarların əsərlərinə çəkilmiş 400-dən çox rəsm müsabiqəyə təqdim edilib. Müsabiqədə Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Qırğızıstanın gənc rəssamları iştirak ediblər. Kitabxana tərəfindən müsabiqəyə təqdim olunmuş 8 rəsmdən 4-ü münsiflər heyəti tərəfindən ən yaxşı rəsmlər siyahısına daxil edilərək albomda nəşr olunub. Aleksandr Belyayevin “Amfibiya adam” əsərinə Rauf Məmmədovun çəkdiyi rəsm 1-ci yerə layiq görülüb.
Tədbirdə müsabiqənin qalibi Rauf Məmmədov çıxış edərək ilk dəfədir bu cür nüfuzlu müsabiqədə iştirak etdiyini və buna görə kitabxanaya minnətdarlığını bildirib.
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin kitabxanasının müdiri Zemfira Əliyeva çıxışında bu cür müsabiqələrdə Azərbaycan uşaqlarının iştirak etməsinin vacibliyini bildirib.
Sonra müsabiqə iştirakçılarına hədiyyələr təqdim olunub.