ELM VƏ TƏHSİL
KİYEV UNİVERSİTETİNDƏ AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI İXTİSASI TƏDRİS OLUNUR
Ölkəmizin Ukraynadakı səfirliyində T.Q.Şevçenko adına Kiyev Milli Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan tələbələri ilə görüş keçirilmişdir.
Aralarında müxtəlif millətlərin nümayəndələri olan gələcək linqvist-azərbaycanşünasları səmimiyyətlə salamlayan, səfir Tələt Əliyev cari ildən etibarən Azərbaycan dili və ədəbiyyatı ixtisasının tədrisinə görə KMU-nun rektoruna dərin təşəkkürünü bildirərək vurğuladı ki, bu, Azərbaycan -Ukrayna qardaşlıq münasibətlərinin inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə konkret töhfədir.
Səfir birinci kurs tələbələrinin yayda Azərbaycana getmələri üçün imkan tapacağına söz verdi.
Tələbələr isə, seçimlərini Füzuli və Vaqifin dilinə böyük məhəbbət, Azərbaycana, onun xalqına rəğbət bəsləmələri ilə əsaslandırdılar. Eyni zamanda, metodik vəsaitlər, lüğətlər və dərsliklərlə təmin olunmaqla kömək göstərilməsini xahiş etdilər və bildirdilər ki, bu, onların Azərbaycan dilinə daha tez və mükəmməl yiyələnməsinə imkan verər.
Tələbələrdən hər birinə 100 qrivna (20 ABŞ dolları) məbləğində təqaüd təqdim edildi və bildirildi ki, indən belə onlar bunu hər ay alacaqlar.
Görüşdə universitetin türkologiya kafedrasının müdiri Vladimir Pidvoynı, dosent Fərhad Turanlı və müəllim Zəminə Əliyeva iştirak edirdilər.
X x x
Səfir T.Əliyev Regionlararası İşçi Heyətinin İdarə Olunması Akademiyasının Heydər Əliyev adına Beynəlxalq Münasibətlər və Sosial Elmlər İnstitutuna oxumağa gəlmiş azərbaycanlı tələbələrlə də görüşmüşdür. Səfir onları belə bir nüfuzlu ali məktəbə qəbul olunmaqları münasibətilə təbrik edərək dedi ki, bu, həmin instituta ikinci tələbə qəbuludur. O bildirdi ki, Kiyevin müxtəlif ali məktəblərində Azərbaycandan gəlmiş qırx tələbə təhsil alır.
Görüşdə iştirak edən institutun direktoru, professor Andrey Kuratçenko qeyd etdi ki, professor-müəllim heyəti azərbaycanlı tələbələrə zəngin bilik verilməsi, rahat məişət şəraiti yaradılması üçün əllərindən gələn köməyi əsirgəmir.
Zeynal Ağazadə
AZƏRTAC-ın ştatdankənar müxbiri
Kiyev