Kiyevdə Valeri Marçenkonun anadan olmasının 70 illiyinə həsr edilmiş tədbir keçirilib
Kiyev, 15 dekabr, AZƏRTAC
Kiyevdəki Səməd Vurğun adına Kütləvi Kitabxanada Valeri Marçenkonun anadan olmasının 70 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabxananın müdiri Qalina Çebotaryova tədbiri açaraq, tərcüməçi və şərqşünas V.Marçenko, onun Azərbaycana həsr edilmiş məqalələri və azərbaycanlı dostları barədə məlumat verib.
Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin müşaviri Elman Bağırov qeyd edib ki, Azərbaycanda Valeri Marçenkonu hörmətlə xatırlayırlar. V.Marçenko Bakıda Azərbaycan dilini öyrənib, mətbuatda məqalələrlə çıxış edib, Azərbaycan ədəbiyyatı nümunələrini Ukrayna dilinə tərcümə edib.
Tədbirə dəvət edilənlər arasında Kiyevdəki Valeri Marçenko adına 175 nömrəli məktəbin müəllimləri və ən yaxşı şagirdləri də vardı. Məktəbin müəllimi Nataliya Krivoşey tədbirin qonaqlarına öz məktəbi, həmin məktəbdə V.Marçenko muzeyinin yaradılması tarixi, onun anası Nina Mixaylovna və muzeyin yaradılmasında iştirak etmiş bütün insanlar barədə məlumat verib.
Məktəb muzeyinə virtual ekskursiya edən qonaqlar Valerinin və onun ailəsinin muzeydə toplanılmış və qayğı ilə qorunub saxlanılan çoxsaylı fotoşəkillərinə tamaşa ediblər.
Valerini yaxşı tanıyan yazıçı, tərcüməçi Anatoli Çardaklı və filoloq, naşir Nataliya Soyko tədbir iştirakçılarına Marçenkonun həyat və yaradıcılığı barədə maraqlı hadisələr söyləyiblər.
Abbas Abdullanın Valeri Marçenkoya həsr edilmiş və M.Miroşniçenko tərəfindən tərcümə olunmuş şeiri oxunub.
Qonaqlar “Onun inam şamı...” adlı tematik kitab sərgisi, habelə Azərbaycan haqqında filmlər və təqdimatlarla tanış olublar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev