Kiyevə dronlarla zərbələr endirilib, ölən və yaralananlar var
Kiyev, 25 sentyabr, AZƏRTAC
Rusiya ordusu Kiyevin Solomensk rayonunda ofis binasına pilotsuz uçuş aparatı ilə zərbə endirib. Hücum nəticəsində ölən və yaralananlar var.
AZƏRTAC xəbər verir ki, bu barədə paytaxtın meri Vitali Kliçko məlumat yayıb.
“İlkin məlumata görə, PUA-nın düşdüyü ofis binasının yaxınlığındakı dayanacaqda avtomobillər yanıb və 4 nəfərin meyiti aşkar edilib, daha 7 nəfər xəsarət alıb”, - deyə o əlavə edib.
Kiyevin meri bildirib ki, ofis mərkəzinin yaxınlığındakı dayanacaqda baş vermiş yanğın artıq söndürülüb.
Qeyd edək ki, bu gün səhər saatlarından Rusiya ordusu yenidən Kiyevə zərbələr endirir. Hücumlar nəticəsində 14 yaşlı oğlan həlak olub, həmçinin yaralananların olduğu bildirilir. Rusiya PUA-ları 25 mərtəbəli binaya da zərbə endirib. Hücumdan sonra paytaxtda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Bundan əlavə, hücum nəticəsində Kiyevdə Ali Ədliyyə Şurasının binasına da ziyan dəyib.
V.Kliçko daha sonra bildirib ki, Kiyevə səhər saatlarında endirilən zərbələr nəticəsində yaralananların sayı 27 nəfərə çatıb. Onların arasında 9 yaşlı uşaq da var.