Klaypedada faciəvi Yanvar hadisələrinin 26-ci ildönümü qeyd olunub
Klaypeda, 19 yanvar, AZƏRTAC
Klaypedada fəaliyyət göstərən “Azəris” Azərbaycan icmasının üzvləri 1990-cı ilin Yanvar hadisələrində həlak olmuş həmvətənlərimizin xatirəsini anmaq, zərərçəkənlərə ehtiramını bildirmək üçün Milli Mədəniyyətlər Mərkəzinə toplaşıblar. Başqa diaspor təşkilatlarının nümayəndələri də Azərbaycan icmasını dəstəkləməyə gəliblər.
Əvvəlcə o məşum gecənin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
“Azəris” icmasının sədri Əliağa Məmmədov mərasim iştirakçılarına faciəli 20 Yanvar hadisələrindən danışaraq qeyd edib ki, 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günüdür. 26 il əvvəl həmin gün milli azadlıq hərəkatını boğmaq üçün Bakıya sovet ordusu hissələri yeridilib. Ə.Məmmədov bildirib ki, Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizəyə qalxan silahsız insanlar bu yolda canlarından keçiblər. Xalqımız 20 Yanvar şəhidlərinin rəşadətini daim xatırlayacaq, xatirələrini əziz tutacaq.
Sonra 20 Yanvar faciəsi haqqında sənədli film nümayiş etdirilib.
Mərasim iştirakçıları şəhidlərin xatirəsinə dualar oxuyub, faciəli Yanvar hadisələri ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirin sonunda ehsan verilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Klaypeda