“KOB Dostu” və könüllülər Xaçmazda vətəndaşları karantin rejimi qaydaları barədə maarifləndirib
Xaçmaz, 25 avqust, Elxan Yusifli, AZƏRTAC
Avqustun 25-də Xaçmaz şəhərində təşkil olunan maarifləndirici aksiyada “KOB Dostu” və könüllülər tərəfindən ticarət və xidmət obyektlərinə yaxın yerlərdə, parklarda vətəndaşlarla karantin rejimi qaydalarına dair söhbətlər aparılıb, tibbi maska paylanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sosial aksiya İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və özəl sektorun ("Mətanət A", Neftçala Avtomobil Zavodu, "A.M.O." MMC) dəstəyi ilə vətəndaşların koronavirus infeksiyasının profilaktikasına dair maarifləndirilməsi tədbirlərinə dəstək məqsədilə keçirilir.
Dövlət-biznes əməkdaşlığı çərçivəsində həyata keçirilən maarifləndirici aksiya iyul ayından başlayıb və avqust ayı ərzində də davam etdirilməklə 20-yə yaxın şəhər və rayonunu əhatə edəcək.
Aksiya indiyədək Sumqayıt, Xırdalan və Mingəçevir şəhərlərində, Qaradağ rayonunun Lökbatan qəsəbəsində, Masallı, Lənkəran, Astara, Neftçala, Qazax və Ağstafa rayonlarında keçirilib. Sosial aksiya çərçivəsində vətəndaşlara, ümumilikdə, 14 min 700-ə yaxın tibbi maska paylanılıb.