KOBİA ilə Avropa Yenidənqurma və İnkişaf Bankının əməkdaşlığına dair müzakirələr aparılıb
Bakı, 6 mart, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfər çərçivəsində martın 6-da Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) rəhbər vəzifəli şəxsləri ilə görüşlər keçiriblər.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin idarə heyətinin sədri Orxan Məmmədov və EBRD-nin Davamlı infrastruktur siyasəti bölməsinin rəhbəri Con Sid, İnfrastruktur layihələrin hazırlanması bürosunun səlahiyyətli təmsilçisi Markos Martinez, infrastruktur fondlarının rəhbəri Sinner Karsten arasında təşkil olunmuş görüşlərdə qurumun fəaliyyəti, ölkəmizdə KOB sektorunun inkişafı, bu istiqamətdə görülən işlər barədə məlumat verilib, EBRD ilə KOB və dövlət-özəl tərəfdaşlığı (PPP) sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb. Görüşdə KOBİA-nın nəzdində yaradılmış Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin potensialının gücləndirilməsinə dəstək göstərilməsi, banklar tərəfindən maliyyələşdirilə biləcək PPP layihələri, eləcə də KOB-lar üçün əməliyyat standartları, maliyyə mənbələrinə çıxış, innovativ təcrübə və texnologiyaların tətbiqi, ticarətin təşviqi, qadın sahibkarlığının inkişafı sahələrində əməkdaşlıq məsələləri xüsusi vurğulanıb.