Kolumbiya 2050-ci il üçün iqlim strategiyasını COP 26-da təqdim edib
Bakı, 10 noyabr, AZƏRTAC
Kolumbiya Respublikasının Prezidenti İvan Duke Markes və ətraf mühit və davamlı inkişaf naziri Karlos Eduardo Korrea Qlazqoda keçirilən İqlim konfransında Kolumbiyanın E2050 Uzunmüddətli İqlim Strategiyasını təqdim ediblər. Bu siyasətin əsas məqsədi Paris Sazişinin müddəalarına əməl etmək, öz biomüxtəlifliyini qorumağı və iqlim dəyişikliyinin planetə təsirlərinin yumşaldılmasına töhfə verməkdir.
Kolumbiyanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimində çıxış edən Prezident Duke deyib: “E2050-nin tərtibi aşağı istixana qazı emissiyaları ilə inkişaf üçün uzunmüddətli yol xəritəsinin yaradılması ilə bağlı Paris Sazişinin dördüncü maddəsinə və 19-cu bəndinə uyğundur. Bu strategiya daha təmiz və daha davamlı iqtisadi və sosial inkişaf üçün bir fürsətdir"..
E2050 biomüxtəlifliyin kompleks şəkildə idarə edilməsi, davamlı şəkildə istehsal və istehlak, kənd, dəniz və sahil inkişafı, davamlı hərəkətlilik və infrastruktur, o cümlədən birlikdə tətbiq olunan planetin qayğısına əhəmiyyətli dərəcədə töhfə verəcək digər amillərlə bağlı öhdəlik götürür.
“Bu mühüm iqlim strategiyası Kolumbiyanın iqlim dəyişikliyi ilə bağlı yaranan risklərin azaldılmasına töhfə vermək üçün ətraf mühitə dair öhdəliklərinə təkan verir. Milli hökumətin qarşıya qoyduğu məqsədləri arasında bunlar öz əksini tapır: 2050-ci ilə qədər karbon-neytral ölkə olmaq, istixana qazı emissiyalarını 51 faiz azaltmaq və 2030-cu ilə qədər meşələrin qırılmasını sıfıra endirmək. Bu o deməkdir ki, Kolumbiya istehsal və istehlak tərzini dəyişdirmək üçün lazımi addımlar atır, həmçinin iqtisadi sektoru və ərazilərinin riskləri idarə etmək qabiliyyətini artırması üçün çalışır”, - deyə nazir Karlos Eduardo Korrea bildirib.
E2050-nin formalaşdırılması prosesi Ətraf Mühit və Davamlı İnkişaf Nazirliyinin, Milli Planlaşdırma Departamentinin və Kolumbiyanın Xarici İşlər Nazirliyinin rəhbərliyi altında, Fransa Hökumətinin maliyyə və texniki dəstəyi, eləcə də, Amerikalararası İnkişaf Bankı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Dünya Resursları İnstitutunun da texniki dəstəyi ilə 22 ay ərzində həyata keçirilib.