MƏDƏNİYYƏT
Kolumbiyalı professor: Ədəbiyyat ölkələrimiz arasında əlaqələrin genişlənməsində körpü rolunu oynayır
Bakı, 1 oktyabr, AZƏRTAC
Kolumbiya və Azərbaycan arasında əlaqələrin genişlənməsində ədəbiyyat körpü rolunu oynayır. Çox zəngin mədəniyyəti və tarixi olan ölkəniz var. Burada olduğum müddətdə Bakının görməli yerlərini gəzdim, milli-mədəniyyət abidələri ilə tanış oldum. Əlbəttə, bunlar hamısı məndə xoş təəssüratlar oyatdı.
Bu sözlər AZƏRTAC-ın müxbirinə müsahibəsində ölkəmizdə səfərdə olan Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin yaradıcılığının tanınmış tədqiqatçısı, professor Konrado Suluaqa deyib.
“Azərbaycan Dillər Universitetində dünyanın 20-dən çox aparıcı dili tədris olunur, müxtəlif mədəniyyət və dil mərkəzləri fəaliyyət göstərir, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında dil tədqiqatı ilə məşğul olan mütəxəssislər çalışır. Bütün bunlar sevindirici haldır və ölkələrimizin bir-birinə yaxınlaşmasına imkan yaradır”, - deyə kolumbiyalı professor vurğulayıb.
O, özünün şəxsi kitabxanasında “Əli və Nino” romanı ilə yanaşı, Azərbaycanın Xalq Yazıçıları Anar və Çingiz Abdullayevin əsərlərinin olduğunu bildirib.