KOMİSSİYALARIN NÖVBƏTİ İCLASI
25-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan Dövlət Komissiyasının və Gürcüstan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiysı və demarkasiyası üzrə Gürcüstan Hökumət Komissiyasının növbəti, beşinci birgə iclası olmuşdur.
Xarici işlər nazirinin müavini, Azərbaycan Dövlət Komissiyasının sədri Xələf Xələfov qonaqları salamlayaraq vurğuladı ki, iki komissiyanın birgə işi Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq, əməkdaşlıq və dostluq əlaqələri fonunda keçir. O, nümayəndə heyətlərinin üzvlərini iş planı və gündəliklə tanış etdi.
Xələf Xələfov gürcü həmkarlarına məlumat verərək bildirdi ki, ölkələrimizin ekspertləri Tovuz, Qazax, Ağstafa və Samux rayonlarında, habelə Gürcüstan ərazisində iki görüş keçirmişlər. Əvvəllər, SSRİ-nin tərkibində olarkən Azərbaycan və Gürcüstan arasında inzibati-ərazi sərhədləri vardı. Lakin indi suverenliyi və dövlətçiliyi möhkəmlətmək məqsədi ilə bu yöndə iş aparılması xüsusilə vacib və zəruridir.
Gürcüstan Hökumət Komissiyasının rəhbəri, Gürcüstan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Zaza Kandelaki səmimi qonaqpərvərliyə görə təşəkkür edərək, dövlətlərimiz arasında münasibətlərin həmişə qardaşlıq və dostluq ruhunda olacağına ümid bəslədiyini bildirdi.
Sonra ekspertlər çıxış etdilər.
Birgə iclasda Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı general-mayor Elçin Quliyev, Gürcüstanın respublikamızdakı fövqəladə və səlahiyyətli səfiri Zurab Qumberidze, hər iki dövlətin müdafiə və daxili işlər nazirliklərinin nümayəndələri, Azərbaycanın bir sıra rayonlarının icra hakimiyyəti başçıları, Gürcüstanın bölgələrinin rəhbərləri və ekspertlər iştirak edirlər.
Dekabrın 26-da komissiyalar işini davam etdirəcəkdir.