CƏMİYYƏT
Komitə sədri: Azərbaycanda milli-mənəvi irsə, dini dəyərlərə ehtiram mövcuddur
Bakı, 15 oktyabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 15-də Türkiyə Cümhuriyyəti İbn Xaldun Universitetinin Himayəçilər Şurasının sədri İrfan Gündüz ilə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Ramin Məmmədov iki ölkə arasında qarşılıqlı etimada əsaslanan münasibətlərdən bəhs edərək, Azərbaycanla Türkiyəni qardaşlıq əlaqələrinin inkişafına yönəlmiş iradə və əzmkarlığın birləşdirdiyini qeyd edib.
Komitə sədri Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dinlərarası dialoqu və İslam həmrəyliyini dəstəkləyən, bu prosesdə aktiv iştirak edən Azərbaycanın nümunəvi təcrübəsinin önəmi barədə danışıb. Bildirib ki, ölkəmizdə milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində uğurlu işlər həyata keçirilir. Azərbaycanda milli-mənəvi irsə, dini dəyərlərə ehtiram mövcuddur, mədəniyyətlərarası dialoqun inkişafı, tolerantlıq ənənələrinin möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir.
İbn Xaldun Universitetinin Himayəçilər Şurasının sədri İrfan Gündüz Azərbaycanın birgəyaşayış mühitinin qorunub-saxlanılmasına göstərdiyi diqqəti, dinlər arasında ünsiyyət platformasının daha da dərinləşdirilməsi istiqamətindəki töhfələrini qeyd edib. Qonaq, həmçinin gənc nəslin mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyəsinin önəmindən danışıb.