KOMPYUTER BİLİKLƏRİNİN ARTIRILMASI 21-Cİ ƏSRDƏ MÜVƏFFƏQİYYƏTİN QARANTIDIR
“Regional texniki yardım Layihəsi” çərçivəsində reallaşdırılması nəzərdə tutulan bu proqram dünyanın 6 ölkəsində - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan və Özbəkistanda tətbiq olunur. Layihədən məqsəd bu ölkələrdə təhsilin səviyyəsini, strategiyasını, ehtiyaclarını öyrənmək, sonra isə əldə olunmuş nəticələri hökumətə tövsiyə şəklində təqdim etməkdir.
Seminarda çıxış edən regional məsləhətçilər qrupunun rəhbəri Toni Rid hələ ki, yalnız orta məktəblərə tətbiq olunacaq layihə çərçivəsində şagirdlərin ofis, mühasibat proqramları, verilənlər bazası və tətbiqi riyaziyyatın əsaslarına yiyələnəcəklərini bildirmişdir. Onlar, həmçinin informasiyanı tapmağı, qiymətləndirməyi və ondan istifadəni öyrənəcəklər.
Prezidentin İcra Aparatının informasiya resursları və texnologiyaları şöbəsinin müdiri Elmir Vəlizadə demişdir ki, proqram iştirakçıları olan ölkələrdən bəzilərində İKT sahəsinə kifayət qədər böyük məbləğdə sərmayə qoyulmasına baxmayaraq, oradakı texnologiyalar, o cümlədən İnternet ümumi təhsildə lazımi qədər yayılmamışdır. Lakin hər bir ölkənin öz maraqlı təklifləri vardır. Ona görə də layihəyə daxil edilmiş ölkələrin ümumi keçmişi, lakin müxtəlif sürətlə inkişafı nəzərə alınmaqla regional təcrübə mübadiləsi çox qiymətli olacaqdır. Azərbaycan layihənin reallaşmasına böyük maraq göstərir və bunun üçün ölkəmizdə hər cür imkan vardır.
Natiq məlumat vermişdir ki, Azərbaycanda hər 33 şagirdə 1 kompyuter düşür. Bundan əlavə, ölkədə informatikadan dərs deyən 1600 nəfər müəllim vardır. Bunula əlaqədar olaraq, ölkədə bir sıra beynəlxalq təşkilatların layihələri uğurla həyata keçirilmişdir. Təkcə 2005-ci ildə bu sahəyə 4 milyon 450 min 378 ABŞ dolları xərclənmişdir.
Proqramın icrası barədə qeyd edilmişdir ki, Asiya İnkişaf Bankının maliyyələşdirəcəyi və 18 ay davam edəcək tədqiqatın sonunda dövlətin təhsil siyasəti də nəzərə alınmaqla bu işə başlanacaqdır.
Seminarda təhsil nazirinin müavini Elmar Qasımov iştirak etmişdi.