Könlünün istəyinə biganə qalmayan şair
Bakı, 18 noyabr (AZƏRTAC). “Bilik” nəşriyyatında nəfis tərtibatla çap edilmiş növbəti kitab “Könlüm ney səsi istəyir...” adlanır.
Qəlbinin səsinə, könlünün nəğməsinə biganə qalmayan istedadlı şair Elbrus Qayalının poetik düşüncələrinin cəmləndiyi bu kitabda onun son illərdə yazdığı müxtəlif mövzulu şeirləri toplanmışdır.
AZƏRTAC xəbər verir ki, müəllif yenə də poeziyasevərlərlə üz-üzədi, onlarla təzə-tər, özünəməxsus poetik fikirlərini bölüşür. Onun şeirlərində sevən bir qəlbin çırpıntısını, düşünən bir insanın həyat fəlsəfəsini, Vətən, torpaq, yurd həsrəti ilə qovurulan bir vətəndaşın ağrı-acılarını görmək mümkündür.
İxtisasca ədəbiyyatdan uzaq olan bir insanın sözə bu qədər böyük məsuliyyətlə yanaşması elə ilk andaca diqqəti cəlb edir. Belə ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirən və Yunan-Roma güləşi üzrə idman ustası adını qazanan E.Qayalı bir daha sübut edir ki, söz, şeir istedadın və duyan, düşünən qəlbin məhsuludur, onun bölgüsü, sərhəddi yoxdur.
Kitabın redaktoru, şair-publisist Asif Asiman nəşrə yazdığı “Həmişəyaşar poeziya” başlıqlı “Ön söz”də deyir: “ Elbrus nədən yazır yazsın oxucunu yormur, fikri yayındırmır. Deyərdim ki, bundan belə yazmasa da bu günə qədər yazdıqları onu bir şair kimi təsdiqləmişdir”.
Kitabda yer almış “Bağışla”, “Şuşamız kömək istəyir”, “İçimdən bur dərd uladı”, “Ağla, gözlərim, ağla”, “Ağlama şəhid anası”, “Ömür hara tələsir” və digər bir-birindən obrazlı ifadə və deyimlərlə zəngin şeriləri müəllifin sözə həssas, olduqca ciddi yanaşmasını bəhrəsidir. Bütün bunlar bir daha göstərir ki, E.Qayalı poeziyaya ötəri həvəs kimi baxmır. Onu həyatının ayrılmaz tərkib hissəsi kimi qəbul edir, elə buna görə də yazdıqları qəlbə toxunur.
“Könlüm ney səsi istəyir...” şeirlər kitabı Elbrus Qayalının sayca altıncı kitabıdır. Bu kitab da əvvəlki nəşrlər kimi geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacaqdır.