Konstitusiya və suverenlik: müstəqilliyin qorunması və gələcəyə baxış
Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiya və suverenlik: müstəqilliyin qorunması və gələcəyə baxış” adlı tədbir keçirib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbirdə Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri - Biomimetik polimer materiallar laboratoriyasının kiçik elmi işçisi Fəridə Məmmədova və Nanopolimer kompozitlər laboratoriyasının kiçik elmi işçisi Aidə Dünyamalıyevanın çıxışları dinlənilib.
Məruzəçilər Azərbaycanın müstəqilliyin ilk illərində siyasi, iqtisadi, hərbi və digər sahələrdə mürəkkəb vəziyyətə düşdüyünü, ölkəmizə qarşı silahlı təcavüz və daxili böhranın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi yaratdığını, belə bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin əzmlə respublikanın qarşısında dayanan problemləri aradan qaldırdığını söyləyiblər. Vurğulanıb ki, 1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə Konstitusiya hazırlanıb. Həmin il müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul edilib. Bu sənəd ölkəmizin bünövrəsini möhkəmləndirən, xalqımızın iradəsini əks etdirən Əsas Qanundur. Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Zəfərimizin 5-ci ildönümü nəzərə alınaraq bu ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətimizin hüquqi əsaslarının möhkəmləndirilməsi və suverenliyimizin gücləndirilməsi məqsədi daşıyır.