Könüllülər fövqəladə hallar zamanı davranış qaydaları barədə məlumatlandırılıblar
Bakı, 11 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb Regional Yanğın Nəzarəti İdarəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən Şəki şəhərində keçirilən “Könüllü Baharı-2” Azərbaycan könüllülərinin yaz düşərgəsində təlimlər keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən keçirilən tədbirdə 7 qrup üzrə bölünən 125 nəfərdən ibarət könüllülər üçün “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda nəzəri və praktiki təlimlər təşkil edilib.
Təlimlərdə “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda fotoslayd və videoçarxlar vasitəsilə məlumatlar verilib, xilasetmə metodları əyani şəkildə nümayiş etdirilib, xüsusi texnika və avadanlıqların iş prinsipləri izah olunub, suallar cavablandırılıb.
Həmçinin təlimin gedişatında könüllülərin iştirakı ilə “manelər xətti”, “zərərçəkmişə yardımın göstərilməsi” və “yanğın hədəfi” mövzularında təşkil olunan əyləncəli komanda oyunlarında iştirakçılar bacarıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, tədbirdə fövqəladə hallar könüllüləri də iştirak edib.