“KÖNÜLLÜLÜK FƏALİYYƏTİ HAQQINDA” QANUN LAYİHƏSİ MİLLİ MƏCLİSİN MÜZAKİRƏSİNƏ ÇIXARILMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 9-da Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri və sosial siyasət daimi komissiyalarının birgə iclası keçirilmişdir.
Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli gündəlikdəki birinci məsələ - “Könüllülük fəaliyyəti haqqında” qanun layihəsi barədə məlumat verərək bildirmişdir ki, bu qanun fiziki şəxslərin könüllü - öz istəyi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətlərin hüquqi əsaslarını müəyyən edəcəkdir. Könüllülük fəaliyyəti adı altında dini təriqətlərin yayılması, müharibə, zorakılıq və dözümsüzlüyün təbliğ edilməsi, irqi, milli, dini ədavətin qızışdırılması qadağandır.
Hər iki komissiyanın üzvlərinin fikirləri dinlənildikdən sonra layihə Milli Məclisin iclasında birinci oxunuşda müzakirəyə tövsiyə edilmişdir.
Sonra hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin layihəsi barədə məlumat vermişdir. Bildirmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını özündə ehtiva edir.
Müzakirələr zamanı məsələ barədə deputatlar və mütəxəssislər qeyd və təkliflərini bildirdikdən sonra layihə ikinci oxunuşda Milli Məclisə tövsiyə olunmuşdur.