KONVENSİYAYA QOŞULMAQ BARƏDƏ SƏNƏD İMZALANMIŞDIR
Azərbaycan Respublikasının Avropa Şurası yanında diplomatik nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev Avropa Şurasının dopinq əleyhinə mübarizə Konvensiyasını ölkəmiz adından imzalamış, Azərbaycan Respublikasının Avropa Şurasının ekstradiksiya konvensiyasına qoşulması haqqında sənədləri AŞ-nin Baş katibi Valter Şvimmerə təqdim etmişdir.
X X X
AZƏRBAYCAN NÜMAYƏNDƏSİNİN TƏKLİFLƏRİ QƏBUL EDİLMİŞDİR
Strasburq şəhərində irqçilik və dözümsüzlük əleyhinə Avropa Komissiyasının növbəti iclası keçirilmişdir.
Avropa Şurası və müstəqil ekspert qrupunun iclasında Komissiyanın bir neçə ölkə ilə yanaşı, bu ilin mart ayında Bakıya da səfər etmiş Danimarka və Sloveniyadan olan üzvləri tərəfindən təqdim edilmiş məruzə dinlənilmişdir. Komissiyanın üzvü, Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov iclasda bir neçə dəfə çıxış etmiş, məruzənin həqiqətə uyğun gəlməyən, yoxlanılmamış məlumatlara və subyektiv mülahizələrə əsaslanmış bəndlərinə kəskin etirazını bildirmişdir. O, komissiya üzvlərinə Azərbaycanda insan hüquqları ilə bağlı görülən tədbirlər, dini ayrı-seçkiliyə qarşı mübarizənin vəziyyətinə dair obyektiv məlumat vermişdir. Azərbaycan nümayəndəsinin təkliflərinə əsasən, komissiya üzvləri layihədə əhəmiyyətli dəyişikliklər aparılmasına səs vermişlər. Ölkəmizdə irqçilik və irqi ayrı-seçkilik kimi halların olması, dini azlıqların hüquqlarının kobud şəkildə pozulmasını iddia edən bəndlər layihədən tamam çıxarılmışdır. İndiyə qədər fəaliyyətində siyasi məsələlərə qətiyyən toxunmamış komissiya, Azərbaycanlı ekspertin təklifi ilə, ərazimizin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, Dağlıq Qarabağın respublikamızın ayrılmaz tərkib hissəsi olması, qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumatları layihənin mətninə daxil etməyi qərara almışdır.
Lətif Hüseynov monitorinq qrupunun rəhbəri kimi bu ilin may ayında Andorraya səfəri ilə bağlı hazırladığı məruzəni komissiyaya təqdim etmişdir. Komissiyanın üzvləri onun məruzəsinin yüksək səviyyədə hazırlandığını və həmin ölkədəki vəziyyəti düzgün əks etdirdiyini vurğulamışlar.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris