QAN YADDAŞI
Koreya Respublikasında 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). Azərbaycanın Koreya Respublikasındakı səfirliyi Seul şəhərində yerləşən İstanbul Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə diplomatik nümayəndəliyimizin əməkdaşları, İstanbul Mədəniyyət Mərkəzinin rəhbərliyi, “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatının təmsilçiləri, koreyalı tələbələr, Türkiyənin “TRT 1” televiziya kanalının Koreya Respublikası üzrə xüsusi müxbiri iştirak etmişlər.
Faciə qurbanları bir dəqiqəlik sükutla yad edildikdən sonra səfirliyin ikinci katibi Fərrux Cumayev bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən Azərbaycanda və digər ölkələrdə qanlı qırğına həsr olunmuş müxtəlif anım mərasimləri təşkil edilir. Fərrux Cumayev qeyd etmişdir ki, istiqlal tariximizin faciəli səhifəsi olan 20 Yanvar günü xalqımızın milli müstəqillik, azadlıq uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzinə çevrilmişdir. Həmin müdhiş gecədə həlak olmuş oğul və qızlarımız xalqın milli azadlığı, müstəqilliyi üçün yol açaraq Azərbaycanın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazmışlar.
Səfirliyin attaşesi Azər Şirinov çıxış edərək 20 Yanvar faciəsinin tarixi, səbəbləri, nəticələri barədə məlumat vermişdir. A.Şirinov keçmiş SSRİ rəhbərliyi tərəfindən 20 Yanvar hadisələrinə bənzər faciələrin digər ölkələrdə də törədildiyini qeyd etmiş, bu qanlı qırğının miqyasına və qəddarlığına görə ən dəhşətlisinin ölkəmizdə həyata keçirildiyini vurğulamışdır.
Tədbirdə 20 Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Koreya Respublikasının ən nüfuzlu qəzetlərindən olan “Korea Times”da dərc olunmuş “Qara Yanvar: Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin qəhrəmanlıq səhifəsi” sərlövhəli məqalə tədbirdə iştirakçılara (http://www.koreatimes.co.kr/www/news/issues/2013/01/139_129059.html) paylanmışdır.
Sonda iştirakçıların 20 Yanvar hadisələri ilə bağlı sualları cavablandırılmışdır.