KÖRPƏLƏRİN DÜZGÜN QİDALANMASI MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNMUŞDUR
Komitənin sədri Hicran Hüseynova ana südünün körpənin normal inkişafında mühüm rol oynadığını qeyd etmiş, ölkədə uşaq qidalanması haqqında qanunların qəbul olunduğunu söyləmişdir. O, hazırda respublikada 1 yaşa qədər uşaqlar arasında ana südü ilə qidalanmanın 50 faiz olduğunu qeyd etmiş, bu sahədə qadınlar arasında maarifləndirmə işinin aparılmasının vacibliyini vurğulamışdır. H.Hüseynova statistik göstəricilərə əsaslanaraq demişdir ki, ana südü ilə qidalanan uşaqlarda ölüm və xəstələnmə faizi süni qidalanan uşaqlara nisbətən 4 dəfə azdır.
BMT-nin Uşaq Fondunun (YUNİSEF) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hana Singer respublikada bu sahədə görülən işlər barədə məlumat vermişdir. O, keçirilən monitorinqlərin nəticələrinə əsaslanaraq satışda xeyli saxta uşaq qidalarının aşkar olunduğunu nəzərə çatdırmışdır. H.Singer əldə olunan nailiyyətlərdən danışmış, Azərbaycanda 67 doğum evinin YUNİSEF tərəfindən “Körpə dostu” adına layiq görüldüyünü, 88 doğum evinin isə bu adı almağa namizəd olduğunu söyləmişdir.
Tədbirdə Nazirlər Kabinetinin elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsi müdirinin müavini Rəna İbrahimbəyova, Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova və başqaları çıxış edərək, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikası Qanununun əhəmiyyətindən danışmış, ölkədə bu sahədə müvafiq tədbirlərin həyata keçirildiyini söyləmişlər.