Körpənin ilk altı ayında yeganə qidası ana südü olmalıdır
Bakı, 13 may, AZƏRTAC
Körpənin böyüməsi, sağlamlığı və infeksiyalardan qorunmasında ana südünün bir sıra üstün keyfiyyətləri var. Körpə davamlı olaraq ana südü qəbul edərsə, xəstəliklərə qarşı müqaviməti yüksək olar.
Bakı şəhər 4 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Məlahət Qasımova AZƏRTAC-a deyib: “Körpə üçün ən faydalı qida olan ana südü immuniteti möhkəmləndirir, allergiyalardan qoruyur, xəstəliklərin qarşısını alır, zəka üstünlüyü yaradır. Aparılan tədqiqatlar nəticəsində sübut edilib ki, ana südü ilə qidalanan uşaqların zəkası daha iti və yaddaşı möhkəm olur”.
Lakin bəzi hallarda ananın südünün azalması ilə əlaqədar süni qidalara müraciət edilməsi zərurəti yaranır. Süni qidaların tərkibində zəruri qidalandırıcı maddələr, mikroelementlər və vitaminlər, körpənin normal böyüməsi və inkişafı üçün zəruri olan komponentlər var. Mütəxəssislər həmin qidaların uşağın altı ayından sonra istifadə edilməsini məsləhət görürlər.
“Süni qidaların tərkibində soya və palma yağı olur və onların əksəriyyəti inək südünün əsasında hazırlanır. İnək südünün zülalları körpə üçün yad elementlərdir. Ona görə də körpə altı aylığına qədər yalnız ana südü ilə qidalandırılmalıdır. Körpənin dünyaya gəldiyi ilk günlərdə ona ana südündən başqa qətiyyən heç bir qida verilməməlidir. Altı aydan sonra ananın südü azalarsa, həmin vaxt süni qida vermək olar”, - deyə həkim-pediatr bildirib.
Valideynləri ən çox narahat edən məsələlərdən biri də körpəyə su verilməsi ilə əlaqədardır. Bu barədə həkim-pediatr deyib: “Əgər körpədə hər ay çəki artımı baş verirsə, altı aya qədər ana südündən başqa maye almamalıdır. Ana südünün 60-70 faizini su təşkil edir və bu, körpənin suya olan tələbatını ödəyir. Əlavə su verilməsi uşaqlarda infeksion xəstəliklər, bağırsaq infeksiyaları və digər problemlər yarada bilər”.
Altı aydan sonra körpələrə su verərkən içərisinə şəkər qatılması da düzgün deyil. Bu, həm köp yaradır, həm də bir müddət sonra uşağın şirniyyata meylini artıra bilər. Körpəyə uşaq mağazalarında satılan su vermək daha yaxşıdır. Xüsusi tərkibli dietik sular körpələrin həzm sisteminə də müsbət təsir göstərir. Gün ərzində uşağa ümumilikdə 50-60 millilitr su vermək kifayətdir.
Uşaq qidalarının tərkibində süni boya, nişasta, duz, şəkər, kənar qoxu və dad olmamalıdır. Məhsulun tərkibi və təyinatı nəzərə alınmalıdır. Tərkibinin bitki və heyvan mənşəli olması qeyd olunmalıdır. Uşaq qidalarını nisbi rütubət 75 faizə qədər olan, quru yerdə istifadə edilən, qablaşdırılmanın növü və tərkibindən asılı olaraq 1-2 il ərzində saxlamaq olar.